Son dövrlər sosial şəbəkələrdə və müxtəlif internet platformalarında fahişəliyə açıq çağırışların artması ciddi narahatlıq doğurur. Artan tendensiya həm hüquqi boşluqları, həm də monitorinq mexanizmlərinin gücləndirilməsinə ehtiyacı gündəmə gətirir. Bu səbəbdən Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirəyə çıxarıb və mövzu cəmiyyət arasında da geniş rezonans doğurub.
Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil Bürosunun vəkili Mədinə Leqayeva “Paraqraf.com”a bildirib ki, bu qərar layihəsi belə çağırışlara qarşı inzibati məsuliyyətin sərtləşdirilməsini zəruri edir:

“Qanunvericilikdə bu kimi hallarla bağlı məsuliyyət nəzərdə tutulan norma olmalıdır. Bununla yanaşı, yalnız cərimə tədbirləri kifayət etmir. Məsul qurumlar sosial şəbəkələrdə real-time monitorinq mexanizmlərini gücləndirməli, platformalarla əməkdaşlığı artırmalı, maarifləndirici kampaniyalar aparmalı və təhlükəli kontentlərin avtomatik aşkarlanması üçün texnoloji alətləri tətbiq etməlidirlər. Belə alətlərin tətbiqi çətin deyil və həm tendensiyanın qarşısını almağa, həm də təhlükəli rəqəmsal davranışlara qarşı ictimai müqaviməti artırmağa kömək edəcək”.
O əlavə edib ki, fahişəliklə məşğul olmaq hazırda inzibati məsuliyyət yaradır:
“Bunun cəriməsi 100 manatdır. Lakin internet resurslarında fahişəliyə çağırış elə bir həddə çatıb ki, bu məsuliyyətin olmaması hüquq-mühafizə orqanlarının işini çətinləşdirir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
