Mingəçevir Dövlət Universitetində elektron imtahan sisteminin tətbiqi təhsil prosesinin modernləşdirilməsi və idarəetmədə şəffaflığın artırılması istiqamətində atılmış mühüm addımdır. Bu sistem tələbələrin bilik və bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə şərait yaradır, imtahan prosesini insan amilindən asılılığını minimuma endirir və ümumilikdə universitetdə idarəetmə keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli paraqraf.com-a açıqlamasında bildirib ki, bu addım tələbənin bilik və bacarığının ölçülməsini daha obyektiv, daha şəffaf və daha effektiv edən müasir bir modeldir. Ekspertin sözlərinə görə, elektron imtahanlar ilk növbədə subyektivliyi minimuma endirir:
“Qiymətləndirmə prosesində insan faktoru azalır, nəticələr standartlaşdırılmış alqoritmlərlə yoxlanıldığı üçün tələbələr öz biliklərinin real nəticəsini daha dürüst şəkildə görürlər”.
Ekspert qeyd edib ki, Mingəçevir Dövlət Universitetində bu addım təsadüfi deyil:
“Universitetin yeni rektoru Anar Eminov qısa müddətdə ali təhsil müəssisəsinə innovativ idarəetmə mədəniyyəti gətirməyi qarşısına məqsəd qoyub. Elektron imtahan sistemi də məhz onun şəffaflıq, ədalətlilik və modernləşmə strategiyasının ən vacib mərhələlərindən biridir”.
Əmrah Həsənli əlavə edib ki, bu model digər ali təhsil müəssisələri üçün də tətbiq oluna biləcək uğurlu bir nümunədir:
“Çünki elektron imtahanlar dünyada ali təhsilin standartına çevrilib. Bunun üçün əsas şərt texniki bazanın gücləndirilməsi və akademik heyətin yeni sistemə adaptasiyasıdır. Əgər bu proses ardıcıl şəkildə həyata keçirilsə, ölkə üzrə ali təhsildə qiymətləndirmənin tam şəffaflığına, vahid standartların formalaşmasına və nəticə-əsaslı idarəetməyə keçid sürətlənə bilər”.
Nəticə olaraq, bu addım həm tələbə mərkəzli təhsili gücləndirir, həm də ölkə üzrə ali təhsil sisteminə nümunə ola biləcək modern islahat modelini ortaya qoyur. Bu, həm universitetin inkişaf strategiyasına, həm də ümumi təhsil ekosisteminin modernləşməsinə real töhfə hesab olunur.
Cəfərova Validə
Paraqraf.com
![]()
