Cəmiyyətin ən həssas qruplarından biri olan yeniyetmələr bəzən düşünülməmiş addımların, emosional qərarların və sosial təsirlərin nəticəsində hüquq pozuntularına yol verə bilirlər. 14–17 yaş aralığında baş verən cinayət hadisələri həm ailələri, həm də hüquq-mühafizə orqanlarını narahat edən əsas mövzulardan biridir. Bu yaş dövrü psixoloji qeyri-sabitlik, sosial təsirlərə həssaslıq və davranış impulsivliyinin artdığı mərhələ olduğu üçün yeniyetmələrin cinayət məsuliyyəti mövzusu qanunvericilikdə xüsusi yanaşma tələb edir.
Hüquqşünas Ayxan Məmmədli “Paraqraf.com”a açıqlamasında bildirib ki, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti məsələsi Azərbaycan qanunvericiliyində xüsusi həssaslıqla tənzimlənir:

“Qanun uşaqların psixoloji inkişaf səviyyəsini, sosial mühitin təsirini və davranış məsuliyyətinin formalaşmasını nəzərə alır. Ümumi norma olaraq cinayət məsuliyyətinin 16 yaşdan başlaması təsadüfi deyil. Bu, həmin yaşda şəxsiyyətin hüquqi nəticələri anlama qabiliyyətinin kifayət qədər formalaşması ilə bağlıdır”.
Hüquqşünas əlavə edib ki, bəzi hallarda yetkinlik yaşına çatmayanların 14 yaşdan məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur:
“Bu istisnalar əsasən qəsdən adam öldürmə, quldurluq, soyğunçuluq, zorlama və digər ağır cinayətlər kimi təhlükəli əməllərlə bağlıdır. Qanunverici bu yanaşma ilə cəmiyyətin təhlükəsizliyini qorumağı hədəfləyir. Eyni zamanda, yeniyetmələrin cinayət davranışının səbəbləri fərqli ola bilər. Sosial laqeydlik, ailə nəzarətinin zəifliyi və təhsil mühitindəki problemlər əsas təsir edən amillər sırasındadır. Bir çox hallarda uşaqlar cinayət nəticəsini tam dərk etmədən bu əməlləri törədirlər. Bu səbəbdən məhkəmələr və istintaq orqanları onların psixoloji vəziyyətini ayrıca qiymətləndirir”.
O qeyd edib ki, reabilitasiya və islah tədbirləri də bu kateqoriyanın əsas elementlərindəndir:
“Çünki məqsəd yalnız cəzalandırmaq deyil, həm də uşağın düzgün istiqamətləndirilməsidir. Kriminoloqlar da hesab edir ki, 14–17 yaş dövrü davranış riskinin ən yüksək olduğu mərhələlərdən biridir. Bu yaşda emosional impulsivlik qərarlara ciddi təsir edir. Qanunla müəyyən edilmiş yaş hədləri həm uşağın hüquqlarının təmininə, həm də sosial təhlükəsizliyin qorunmasına xidmət edir. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti balanslaşdırılmış hüquqi mexanizm üzərində qurulub. Bu mexanizm həm profilaktik, həm də islahedici xarakter daşıyır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
