Azərbaycanda ucuz işçi qüvvəsindən geniş istifadə olunması xüsusilə özəl sektorda əmək hüquqlarının pozulması ilə müşahidə olunur. Bir çox müəssisələrdə işçilərin uzun iş saatlarına cəlb edilməsi, rəsmi sənədləşdirmənin aparılmaması və əməkhaqlarının gecikdirilməsi kimi hallar hələ də aktual olaraq qalır.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri iqtisadçı-ekspert Akif Nəsirli paraqraf.com-a açıqlamasında bildirib ki, özəl sektorda əmək hüquqlarının pozulmasına dair rəsmi məlumatlar əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dövlət Əmək Müfəttişliyi tərəfindən açıqlanır.
Son illərin statistikasına görə, özəl sektorda çalışan işçilərin böyük hissəsinin əmək müqaviləsi formal xarakter daşıyır və ya ümumiyyətlə rəsmiləşdirilmir:

“Bu, işçilərin sosial sığorta hüquqlarının təmin olunmamasına səbəb olur. Qanuni normadan artıq iş saatları və işçilərin icazəsiz şəkildə əlavə işə cəlb olunması hallarına geniş rast gəlinir”.
Ekspert əlavə edib ki, məzuniyyət hüquqlarının verilməməsi, işdən çıxarılarkən qanuni kompensasiyanın ödənilməməsi də ən çox rast gəlinən problemlərdəndir:
“Dövlət Əmək Müfəttişliyi tərəfindən aparılan yoxlamalar göstərir ki, xüsusən kiçik və orta sahibkarlıq subyektlərində əmək hüquqlarının pozulması daha çox müşahidə olunur. Bu pozuntular əsasən rəsmi əmək müqavilələrinin bağlanmaması, maaşların azaldılması, əlavə ödənişlərin verilməməsi və təhlükəsiz iş şəraitinin təmin edilməməsi kimi hallarda özünü göstərir”.
Cəfərova Validə
Paraqraf.com
![]()
