Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Zirvəsindən sonra keçirdiyi mətbuat konfransında sabah Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağını bildirib.
“Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması üçün əlindən gələni edir və bu istiqamətdə səfərbərlik elan etmişik”, – Ərdoğan qeyd edib.
Politoloq Tural İsmayılov “Paraqraf.com”a açıqlamasında bildirib ki, planlaşdırılan telefon danışığı Ankara–Moskva xəttinin regional və qlobal məsələlərdə nə qədər önəmli olduğunu göstərir:

“Ola bilsin ki, söhbətdə təkcə Rusiya–Ukrayna müharibəsi deyil, Suriya məsələsi, Qara dənizdə təhlükəsizlik, taxıl təşəbbüsünün bərpası, enerji layihələri və ikitərəfli ticarət mövzuları da yer alsın. Türkiyə həm NATO üzvüdür, həm də Rusiya ilə dialoqu davam etdirən azsaylı ölkələrdən biridir. Bu, Ankaraya xüsusi geosiyasi üstünlük verir”.
Politoloqa görə, Ərdoğanın vasitəçilik iddiası realdır:
“Türkiyə həm Kiyevlə, həm də Moskva ilə eyni anda işləyə bilən nadir ölkələrdəndir. Taxıl dəhlizinin Ankara vasitəsilə fəaliyyət göstərməsi də bunun göstəricisidir”.
Tural İsmayılov əlavə edib ki, Türkiyənin regional rolu təkcə siyasi çəkidən deyil, həm də diplomatik çeviklikdən qaynaqlanır:
“Ankara tərəfləri qarşı-qarşıya gətirmir, əksinə, dialoqu davam etdirən platforma yaradır. Ərdoğanın sülh üçün ‘tam səfərbərlik’ ifadəsi Türkiyənin bu prosesdəki roluna inamını göstərir”.
Politoloq həmçinin vurğulayıb ki, müharibədə sülh qısa müddətdə mümkün olmasa da, Türkiyənin davamlı iştirakı tərəflər arasında ünsiyyətin bərpasını daha real edə bilər.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
