Konqresin Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Qrin (Corciya ştatından respublikaçı) yanvar ayının əvvəlində öz postunu tərk etmək niyyətində olduğunu bildirib.
Paraqraf.com xəbər verir ki, o, “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib.
“Mən postumu tərk edirəm, 5 yanvar 2026-cı il mənim bu vəzifədə sonuncu günüm olacaq”, – paylaşımda deyilir.
Prezident Donald Tramp isə Teylor-Qrinin 2026-cı ilin yanvar ayının əvvəlində vəzifəsini tərk etmək qərarını “əla xəbər” adlandırıb.
“Düşünürəm ki, bu, ölkə üçün əla xəbərdir. Bu əladır”, – deyə ABŞ lideri “ABC News” telekanalının jurnalisti Reyçel Skottla söhbətində bildirib. O əlavə edib ki, qanunverici öz qərarı barədə ona əvvəlcədən məlumat verməyib.
Teylor-Qrin uzun müddət Konqresdə Trampın ən yaxın silahdaşlarından biri hesab edilib. Lakin ötən həftə ABŞ lideri onu sərt tənqid edib və seçkidə onu dəstəkləməyəcəyini bildirib. Tramp gileylənib ki, Teylor-Qrin onun siyasi qərarlarından narazılıq edir. Teylor-Qrin bildirib ki, Tramp xarici siyasət məsələlərinə həddindən artıq diqqət yetirir və bu da daxildəki siyasi məsələlərin ziyanınadır.
Qanunverici daha sonra bildirib ki, yetkinlik yaşına çatmayanların alverində ittiham olunan, həbsxanada intihar etmiş maliyyəçi Ceffri Epşteynin işi üzrə materialların məxfiliyinin açılmasına çağırdığı üçün Tramp tərəfindən sərt tənqid edilib. Halbuki Konqres bu həftənin əvvəlində ABŞ Ədliyyə Nazirliyini bu işlə bağlı materialları açıqlamağa məcbur edən qanun layihəsini qəbul edib, Tramp da onu imzalayıb.
Paraqraf.com
![]()
