Son illər istehlak bazarında spred və hidrogenləşdirilmiş yağların geniş yayılması əhali arasında narahatlıq yaradıb. Xüsusilə marqarin və ucuz yağ qarışıqlarının kərə yağı adı altında satışa çıxarılması, eləcə də bu məhsulların sağlamlığa mümkün təsirləri ilə bağlı suallar artmaqdadır. Mütəxəssislər bildirirlər ki, keyfiyyətsiz yağların tərkibində olan trans yağlar və kimyəvi proseslərdən keçmiş komponentlər ürək-damar sistemi başda olmaqla insan orqanizminə ciddi zərər vurur.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Paraqraf.com-aaçıqlamasında bildirib ki, yağlar insan orqanizmi üçün əvəzedilməz və faydalı qida məhsullarıdır. Lakin bu yağların keyfiyyətli mənbədən alınması son dərəcə vacibdir:

“Yağlar insan orqanizmi üçün əvəzsiz və faydalıdır. Keyfiyyətli yağlar dedikdə ilk növbədə kərə yağı və təmiz bitki yağları – xüsusilə zeytun yağı, günəbaxan yağı, qarğıdalı yağı və digər soyuq sıxma üsulu ilə əldə olunan yağlar nəzərdə tutulur. İnkişaf prosesində olan insanlar üçün, xüsusilə də 20-25 yaşa qədər keyfiyyətli yağın qəbul olunması həm inkişafına dəstək olmaqla yanaşı, eyni zamanda daxili orqanların funksiyasının düzgün şəkildə çalışmasına səbəb olur Gün ərzində insan orqanizminin orta hesabla 25 qram yağ qəbul etməsi tövsiyə olunur. Ancaq bu gün bir çox hallarda ucuz, keyfiyyətsiz marqarin və spret yağları bitki tərkibli adı altında satılır”.
Məhsəti Hüseynova qeyd edib ki, bazarda keyfiyyətsiz, ucuz, tərkibində trans yağlar və hidrogenləşdirilmiş komponentlər olan məhsullar da geniş yayılıb:
“Bunlara marqarin, spred və kərə yağı adı altında təqdim olunan qarışıq bitki mənşəli yağları misal göstərmək olar. Bu yağlara süni şəkildə kərə yağı görünüşü verilir və istehlakçılar aldadılır. Hidrogenləşdirilmiş yağlar ürək-damar sistemi üçün xüsusilə zərərlidir. Belə yağları uzunmüddətli qəbul edən şəxslərdə damar tıxanıqlığı, LDL (pis xolesterin) səviyyəsinin artması, HDL (yaxşı xolesterin) səviyyəsinin azalması, iltihab proseslərinin güclənməsi, hətta mərkəzi sinir sisteminin zəifləməsi kimi ciddi fəsadlar müşahidə oluna bilər”.
Mütəxəssisin sözlərinə görə, yağ alarkən etiket məlumatları xüsusi diqqətlə yoxlanmalıdır:
“Əgər məhsulun üzərində ‘Trans yağ’, ‘Hidrogenləşdirilmiş yağ’, ‘Partially Hydrogenated Oil’ kimi ifadələr varsa, həmin yağların istifadəsi risklidir. Bu cür məhsullarda adətən təbii vitamin və minerallar olmur, onların əvəzinə sintetik vitaminlər (A, D, E və s.) əlavə edilir. Bu isə bəzi insanlarda allergiyaya və həzm pozğunluğuna səbəb ola bilər.
Standartlara əsasən, qida rasionunda yağların payı 10%-ə qədər olmalıdır. Xüsusilə uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar, eləcə də xroniki xəstəliyi olan şəxslər üçün keyfiyyətli yağ seçimi daha da vacibdir”.
Cəfərova Validə
Paraqraf.com
![]()
