Venesuala Prezidenti Nikolas Maduro ABŞ administrasiyası ilə danışıqlara hazır olduğunu bəyan edib. Bu açıqlama iki ölkə arasındakı gərginliyin artdığı bir vaxtda verilib.
“Paraqraf.com”un məlumatına görə, Maduro bunu “Venezolana de Television” telekanalının “Maduro ilə” proqramında ABŞ Prezidenti Donald Tramp ilə mümkün danışıqlar barədə jurnalistin sualını cavablandırarkən deyib.
Maduro vurğulayıb ki, yalnız diplomatiya və dialoq qarşılıqlı maraq doğuran məsələlərdə anlaşmaya nail olmağa imkan verir. O, Karakasın mövqeyinin 6 sentyabr 2025-ci ildə Trampa təqdim olunmuş məktubda ifadə olunduğunu xatırladıb. Həmin məktubda Venesuala beynəlxalq hüquqa sadiqliyini və güc tətbiqi hədələrinin qəbul edilmədiyini təsdiqləyib.
“Kim Venesuala ilə danışmaq istəyirsə , bunu üz – üzə edir”, – deyə Maduro qeyd edib.
Prezident əlavə edib ki, sülhün alternativi yoxdur: “Dialoqa və sülhə “hə”, müharibəyə “yox“, – deyə o vurğulayıb və bu ifadəni ingilis dilində də təkrarlayaraq Venesualanın dəyişməz mövqeyi olduğunu bildirib.
Paraqraf.com
![]()
