Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkəmizin gələcək inkişafında qızların bərabər təhsil imkanlarına malik olmasının vacibliyini nəzərə alaraq, 2021-ci ildən Hacı Zeynalabdin Tağıyevin yaratdığı “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr – Beynəlxalq Qızlar Günü münasibətilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinə start verib.
Bu barədə “Paraqraf.com”a Komitənin Qadın və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı məlumat verib.
O, layihənin məqsədi ilə bağlı qeyd edib:

“Layihənin əsas məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə yönəltmək və onların müasir təhsil imkanlarından yararlanmasına dəstək göstərməkdir. Layihəyə seçim 3 kriteriyaya əsasən aparılır:
həssas qrupa aid olanlar;
ali məktəbə qəbul imtahanlarında yüksək bal toplayanlar;
regionlardan olan qızlar.
Layihə Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə davam etdirilir. Layihənin davamlılığını təmin etmək məqsədilə AR Elm və Təhsil Nazirliyi ilə Dövlət Komitəsi arasında “Gənc Qızların Təhsilinə Dəstək Kampaniyası”nın birgə icrasına dair niyyət protokolu imzalanıb”.
Xumar İlqarqızının sözlərinə görə, 2023-cü ildə Təhsilin İnkişafı Fondu ilə birgə “Hənifə Məlikova–Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı təsis olunub:
“Bu il də daxil olmaqla, son 5 ildə respublika üzrə 238 qız adıçəkilən təqaüd proqramına cəlb edilib. Bu il isə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində 93 qız layihəyə seçilib.
Seçilənlərin arasında ən çox Bakı Dövlət Universitetinin tələbələri yer alır. 23 nəfər, onların 14-ü Hüquq fakültəsinə qəbul olub. Bundan başqa, 12 nəfər Tibb Universitetinə, 8 nəfər Qarabağ Universitetinə qəbul olunub. 2025-ci ildə Naxçıvandan 14 nəfər qız təqaüd proqramına qoşulub”.
Onun sözlərinə görə, layihədə qeyri-ənənəvi ixtisaslara yiyələnən qızların sayı da artır:
“Kompüter mühəndisliyi, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, informasiya mühəndisliyi, informasiya təhlükəsizliyi və data analitikası kimi ixtisasları seçənlərin sayı ötən illərlə müqayisədə yüksəlib. 2025-ci ildə kompüter elmləri və kompüter mühəndisliyi üzrə seçimdə müsbət dinamika müşahidə olunmaqdadır”.
Bununla yanaşı, ənənəvi ixtisaslar üzrə seçim edən tələbə qızlar da çoxdur:
“Bu sahələrə hüquqşünaslıq, tibb, tarix müəllimliyi, xarici dil müəllimliyi, maliyyə, Azərbaycan dili və ədəbiyyatı və digər ixtisaslar daxildir. 2025-ci ildə layihə çərçivəsində ilk dəfə olaraq neft-qaz mühəndisliyi və data analitikası ixtisaslarına qəbul olanlar da var.
Bu il layihə üzrə 57 rayonun təmsilçiləri seçilib, 16 nəfər isə Bakı və digər şəhərlərdən layihəyə qoşulub”.
Xumar İlqarqızı həmçinin bildirdi ki, bu il ilk dəfə olaraq 2021-ci ildə yüksək balla ali təhsil müəssisəsinə daxil olan və iki fərqli dəstək proqramını – “Hənifə Məlikova–Zərdabi” təqaüdünü (12 nəfər) və “Sən Tək Deyilsən” layihəsi çərçivəsində şəhid xanımlarının təhsilinə dəstək proqramını (3 nəfər) bitirən iştirakçılar üçün “Məzun Günü” təşkil edilib. Ümumilikdə 15 nəfər məzun olub.
“Məzun Günü onların ali təhsili uğurla başa vurmasını, göstərdikləri əzmkarlığı və əldə etdikləri nailiyyətləri qeyd etmək məqsədilə keçirilir”.
Xumar İlqarqızı layihənin əhəmiyyətini belə izah edib:
“‘Gənc Qızların Təhsilinə Dəstək’ layihəsi cəmiyyətə müsbət töhfələr verməkdə davam edir. Təqaüd alan tələbə qızlar aylıq dəstəkdən başqa, təlim, təcrübə və maarifləndirici görüşlərdə mütəmadi iştirak edirlər. Layihənin nəticələri göstərir ki, qızların ictimai, siyasi və sosial həyatda fəallığının artması birbaşa onların təhsil imkanlarının yaxşılaşması ilə bağlıdır. Qızların təhsilinə dəstək cəmiyyətin inkişafı üçün mühüm addımdır. Onların təhsil alması, fəallığının və şəxsi inkişafının artması olduqca qürurvericidir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
