Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın həbs müddətini iki ay uzadıb.
Paraqraf.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.
Karapetyanın müdafiəçiləri vurğulayırlar ki, həbs müddətinin uzadılması üçün heç bir əsas olmayıb.
Qeyd edək ki, 13 noyabrda kassasiya məhkəməsi müdafiə tərəfinin iş adamının azadlığa buraxılması ilə bağlı apellyasiya şikayətini rədd edib. Məhkəmə, həmçinin, prokurorluğun iqtisadi xarakterli hərəkətlər üzrə ittihamların əsaslılığını tanımaq vəsatətini də rədd edib. Yəni məhkəmə yeganə əsaslı ittiham kimi hökumətin devrilməsinə çağırışları müəyyən edib.
Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan iyun ayında ruhanilər və hakimiyyət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra həbs edilib.
Karapetyan özü ittihamları rədd edib və hökumətin hərəkətlərini siyasi təzyiq adlandırıb. Onun kilsəni dəstəkləyən açıqlamasından sonra Baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə ruhanilər və xeyriyyəçilər haqqında bir sıra təhqiramiz şərhlər paylaşıb və bu, geniş ictimai rezonans doğurub. Daha sonra iş adamına qarşı Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2 və 3-cü maddələri ilə yeni ittihamlar irəli sürülüb: “Hakimiyyət və ya vəzifə səlahiyyətlərindən və ya onlardan irəli gələn təsirlərdən istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması”.
Paraqraf.com
![]()
