Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib.
Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycan ilə BƏƏ arasında işçi qüvvəsinin mütəşəkkil şəkildə müvəqqəti işə cəlb olunmasına dair Memorandumun Möhtərəm Prezident İlham Əliyev tərəfindən təsdiqlənməsi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir:

“Bu sənəd Azərbaycan və BƏƏ arasında əmək münasibətlərinin yeni, daha sistemli və təhlükəsiz mərhələyə keçdiyini göstərir. Memorandum Azərbaycan vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərində rəsmi qaydada, şəffaf mexanizmlər və sosial təminat çərçivəsində işləməsinə şərait yaradacaq. Bu, əmək miqrasiyasında mövcud risklərin azalmasına, vətəndaşların hüquqlarının qorunmasına və sosial müdafiəsinin gücləndirilməsinə ciddi töhfə verəcək”.
Deputatın sözlərinə görə, bu əməkdaşlıq Azərbaycan işçi qüvvəsinin inkişaf etmiş əmək bazarına çıxış imkanlarını genişləndirir, həmçinin peşəkar bacarıqların artırılmasına müsbət təsir göstərir:
“Vətəndaşlarımızın müasir iş mühiti ilə təmasda olması, yeni bilik və təcrübələr qazanması insan kapitalının inkişafına, gələcəkdə isə ölkə iqtisadiyyatına daha yüksək səviyyədə inteqrasiya olunmalarına şərait yaradacaq.
Anlaşma Memorandumu Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının sosial və iqtisadi sahələrdə daha da dərinləşməsinə xidmət edir. Bu sənəd insan resurslarının inkişafı sahəsində uzunmüddətli və səmərəli əməkdaşlıq üçün yeni imkanlar açır”.
Günay Ağamalı əlavə edib ki, Prezident İlham Əliyevin imzaladığı bu Fərman dövlətin əmək münasibətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına və vətəndaşlar üçün təhlükəsiz məşğulluq imkanlarının genişləndirilməsinə yüksək önəm verdiyini bir daha nümayiş etdirir:
“Sözügedən Anlaşma Memorandumu ölkəmizin davamlı inkişaf strategiyasına, eləcə də qeyri-neft sektorunun gücləndirilməsinə mühüm töhfə verəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
