Bir zamanlar insanların bir araya gəldiyi sakit bir diyarda hər kəs öz zəhməti ilə yaşayardı. Hər kəsin əlində bir sənət, bir peşə vardı: kimisi torpağı əkib-becərər, kimisi sənəti ilə gözəllik yaradardı, kimisi də bildiyini başqasına öyrədərdi. Lakin zaman keçdikcə peşələrin içindəki sevgi və həvəs tədricən azalmağa başladı.
İnsanlar artıq sevdikləri işi deyil, yalnız dolanışığı düşünərək seçim edirdilər. Əldə etdikləri peşə bir sənət kimi deyil, sadəcə qazanc vasitəsi kimi görünürdü. Bu isə təkcə insanların içindəki ümidi yox etmirdi, həm də onların yetişdirdiyi nəsillərin gələcəyini kölgələyirdi.
Bir gün bu diyarda bir sual doğdu:
“Niyə peşəmizi yalnız pul üçün sevirik? Bu peşəni yaşadan sevgi, zəhmət və ustalıq hara yox oldu?”
İnsanlar bu sualı özlərinə verdikcə anladılar ki, əsl dəyər pulda deyil, gördüyün işin bərəkətindədir. Torpağı sevgi ilə becərən əkinçinin məhsulu daha bol olurdu. Sənətini sevə-sevə icra edən ustanın əl işləri daha davamlı və göz oxşayan olurdu. Biliklərini ürəklə paylaşanların yetişdirdiyi nəsil isə daha güclü böyüyürdü.
Amma bir problem vardı: çəkilən zəhmətin dəyəri çox vaxt verilmirdi. İnsanlar çalışır, amma qarşılığını görmürdülər. Bu da həvəsi öldürür, emeəyə verilən dəyəri azaldırdı.
Zamanla dəyərin nə olduğunu anlayan insanlar bir araya gəldilər. Fikirləşdilər ki, birlik olsa, istehsal artsa, hər peşəyə şərait yaradılsa, qiymətlər sabitləşsə, heç kimin həvəsi itməz. Zavodlar quruldu, məhsullar həm ölkə daxilinə, həm də xaricə göndərilməyə başlandı. Sənətkarlar artıq daha könüllə işləyirdi, çünki bilirdilər ki, zəhmətləri boşa getmir.
Peşəsini sevən insan yenidən güc tapdı. Artıq öyrəndiyini gizlətmirdi, əksinə, sevinclə başqasına öyrədirdi. Çünki bilirdi ki, bilik paylaşdıqca çoxalır. O da istəyirdi ki, gün gəlsin, bu peşənin yeni davamçıları yaransın.
Gəlin bildiklərimizi pulla satmayaq.
Öyrədək ki, öyrənənlər də başqasına öyrətsin, bu torpaq daha da güclənsin.
Çünki insanlar bir-birinə dayaq olduqda həyat gözəlləşir, zəhmət çəkdikcə torpaq bərəkətlənir. Onlar anladılar ki, bu dünya hamısının evidir. Evini sevən insan isə öz peşəsinə də dəyər verir.
Və həmin diyarda yaşayan hər kəs birləşib peşəsinə sahib çıxmağa başladı. Çünki yaxşı bilirdilər:
Birlik olan yerdə güc,
Peşəyə sevgi olan yerdə isə bərəkət var.
Elçin Ağasıyev
![]()
