Bir insanın öz peşəsini sevərək icra etməsi həm onun şəxsi inkişafı, həm də cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət daşıyır. Ancaq bəzən insanlar peşə seçərkən sevgi ilə yox, yalnız dolanışıq qayğısı ilə qərar verirlər. Bu isə peşəni öyrənməyi əsl bilik yolundan çıxarıb pul hərisliyinə gətirib çıxarır. Halbuki peşə öyrənmək insan üçün ən gözəl sərmayələrdən biridir.
Bəli, pul həyatda vacibdir, amma yalnız qazancı düşünmək cəmiyyəti geri salır. İnsanın biliyi, bacarığı və zəhməti isə inkişafı irəli aparır. Bunun qarşısını almağın yollarından biri ölkənin hər bölgəsində istehsalat müəssisələrinin, zavod və fabriklərin yaradılmasıdır.
Məsələn, bir insan zəhmətlə bağ salır, aqronomu çağırır, dərmanlayır, əziyyət çəkir, məhsul yetişdirir, lakin bazarda onu dəyərindən aşağı qiymətə almaq istəyirlər. Bu zaman zəhmətkeş insan peşəsindən soyuyur, həvəsi azalır, qazanc olmayanda isə əsəblər pozulur. Lakin sabit qiymət, güclü bazar, məhsulların daxili və xarici satışının təşkil olunduğu şirkətlər olarsa, həm insan rahat dolanar, həm də vergisi ilə ölkənin inkişafına töhfə verər.
Belə olanda zavodlarda işləyən peşəkarlar, torpaqla məşğul olan zəhmətkeşlər, sənət sahibləri öz işlərinə daha böyük sevgi ilə bağlanar. Çünki bilərlər ki, onların zəhməti dəyərləndirilir.
Gəlin bildiklərimizi, öyrəndiklərimizi pulla satmayaq. Öyrədək ki, öyrənənlər də bir gün başqasına öyrətsin və bu zəncir böyüyərək dövlətimizi daha da güclü etsin.
Zəhmət çəkək ki, evimiz olan Vətən bərəkətlənib inkişaf etsin. Unutmayaq: birgə olanda güclüyük. Biz böyük bir ailəyik – gəlin bu ailəni qoruyaq və peşəmizi sevək.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
