Son onillikdə sosial medianın yüksəlişi ilə gündəlik həyatımıza “influenser” anlayışı da daxil oldu. Daha doğrusu, kapitalizmin yeni “reklam maşını”…
Ölkənin gündəminə çevrilmiş, “ultra ağıllı”, hər şeyin “ən yaxşısını” bilən, gənclərin az qala ilahiləşdirdiyi bu şəxsləri bir az araşdırdıqda beynimdə bir sual yarandı: Bu şəxslər bir cəmiyyətin əsas siması ola biləcək səviyyəyə necə çatdılar?
Kapitalizmin əsas xüsusiyyəti təkcə məhsul istehsal etmək deyil, həm də daimi istehlak ehtiyacı yaratmaqdır. Məhz bu daimi istehlak ehtiyacı yaratmaq məsuliyyətini bizim influenserlərimiz çiyinlərində daşıyır. Xüsusilə gəncləri manipulyasiya edərək, virtual gerçəkliklə real həyat arasında bulanıqlıq yaradırlar. Hazırda ən böyük problemimiz də budur ki, gənclərimiz nə istədiklərini, nə etdiklərini bilmirlər. İnfluenserlərin yaratdığı kompleksli gənclik böyük bir boşluq içində yuvarlanır. Onlar dolayısı ilə gənclərə belə mesajlar ötürürlər: “Əgər dodağını şişirtmirsənsə, bədəninə müdaxilə etdirmirsənsə, gözəl deyilsən”, “sənin yeni model telefonun yoxdursa, sən bədbəxtsən”, “ərin sənə hər gün gül almırsa, boşanmalısan” və s. Cəmiyyəti uçuruma aparan bu mesajların təhlükəsini görən varmı?
Gəlin digər məqama nəzər salaq. Davamlı reklam edilən paltarlar, arıqlama kofeləri, kökəlmə dərmanları, adı məlum olmayan “estetik həkimlər”… Məsələ nədir bilirsiniz? İnfluenserlər paylaşdıqları və reklam etdikləri məhsullara heç bir məsuliyyət daşımırlar. Onları nə həmin məhsulların keyfiyyəti, nə insan sağlamlığına təsiri, nə də psixoloji nəticələri maraqlandırır. Əsas məqsədləri gəlirlərini artırmaq, qaz vurub qazan doldurmaqdır.
Bu şəxslər reallıqla heç bir əlaqəsi olmayan “bahalı” həyat tərzlərini normallaşdıraraq, orta statistik, iqtisadi çətinlik yaşayan Azərbaycan gənclərini psixoloji təzyiq altında saxlayır, onlarda dəyərsizlik hissi yaradır.
Ən gülməli və eyni zamanda təhlükəli məqam isə odur ki, bu hərşeysünas influenserlər ixtisasları olmayan sahələrdə belə insanlara rahatlıqla məsləhət verirlər. Üstəlik, özlərini cəmiyyətə sanki insanları düşünən, universal dəyərlərə hörmət edən biri kimi təqdim edirlər. Amma əslində onlar heç bir sosial məsuliyyət daşımırlar. Onların yeganə marağı kapitalizmin alqoritmləridir. Nə trenddirsə, onu paylaşırlar.
Biz belə görmüşük ki, cəmiyyətdə tanınan simalar müəyyən dünyagörüşünə sahib olmalı və ictimai dəyərlər uğrunda mübarizə aparmalıdırlar. Bu gün isə bu rolu öz üzərinə götürənlərin etdiklərinin heç biri ictimai dəyərlərlə uzlaşmır.
Qısaca desək, məsələ artıq öz məcrasından çıxıb və cəmiyyəti uçuruma aparır. Əgər bu sahəyə xüsusi nəzarət olunmasa və tənzimləmə mexanizmləri yaradılmasa, yaxın gələcəkdə cəmiyyət olaraq ciddi fəlakətlə üzləşəcəyik.
Ləman
“Paraqraf.com”
![]()
