2025-ci il Azərbaycanda turizm mövsümü əvvəlki illərlə müqayisədə daha zəif göstəricilərlə yadda qalıb. Rəsmi statistika ölkəyə gələn turistlərin sayında azalma olduğunu təsdiqləyir. Mütəxəssislərin sözlərinə görə, bu geriləmə həm xarici, həm də daxili amillərin birgə təsiri nəticəsində yaranıb.
Turizm üzrə ekspert Ceyhun Aşurov Paraqraf.com-a açıqlamasında bildirib ki, il ərzində turist axınında nəzərəçarpacaq dərəcədə geriləmə müşahidə olunub. O, 2025-ci ilin Azərbaycan turizmi üçün müəyyən mənada “sınaq ili” olduğunu qeyd edib:

“Hazırda ilin 11-ci ayı tamamlanmaq üzrədir və sentyabr ayına qədər olan dövrdə ölkəyə gələn xarici turistlərin sayında təxminən 2% azalma qeydə alınıb. Yay aylarında bu rəqəm 5%-ə qədər yüksəlib. Qeyri-rəsmi göstəricilərdə isə daha ciddi fərq görünür: onlayn otel bronları və tur paketlərinin satışında təxminən 30%-lik azalma müşahidə olunub. Bu, real bazar durumunun rəsmi statistikadan daha fərqli olduğunu göstərir.
Turizmə təsir edən əsas amillər sırasında regionda davam edən geosiyasi gərginliklər yer alır. İran–İsrail qarşıdurması, Hindistan–Pakistan münasibətlərindəki gərginliklər və Hindistandan Azərbaycana səyahətlə bağlı mənfi çağırışlar turist axınının zəifləməsinə səbəb olan başlıca faktorlardandır.
Bundan əlavə, bəzi ölkələrdən Azərbaycana birbaşa uçuşların olmaması, quru sərhədlərin hələ də bağlı qalması, həmçinin hava nəqliyyatı ilə gəlişin bahalı və məhdud olması da turizmdəki durğunluğa təsir edən səbəblərdəndir”.
Ceyhun Aşurov hesab edir ki, turistlərin səyahət qərarına ən çox təsir edən amil təhlükəsizlik və əlçatanlıqdır. Onun sözlərinə görə, turizm destinasiyası üçün ilk şərt təhlükəsiz mühit, ikinci vacib şərt isə münasib qiymətlə rahat gediş imkanlarıdır:
“Azərbaycanda son illər viza prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Lakin turistin əsas meyarı ölkəyə nə qədər rahat və sərfəli şəkildə daxil ola bilməsidir. Buna görə də, Azərbaycana uçuşların əlçatanlığı artırılmalı, aviaşirkətlərin xidmətləri daha çevik və rəqabətli olmalıdır. Eyni zamanda, beynəlxalq hava limanlarının səmərəli fəaliyyəti turist axınının artmasına müsbət təsir göstərə bilər”.
Validə Cəfərova
Paraqraf.com
![]()
