Son zamanlar Azərbaycana səfər edən xarici turistlərin sayında artım müşahidə olunur. Ölkəyə gələn qonaqların burada keçirdikləri vaxt, qarşılaşdıqları insanlar və gördükləri mənzərələr Azərbaycan haqqında müxtəlif baxışların formalaşmasına səbəb olur. Bu yazıda Çindən Azərbaycana səfər edən Li Xiangyunun təəssüratlarına nəzər salınır.
Çinli turist Li Xiangyu səfəri müddətində Azərbaycanın müxtəlif bölgələrində olub. O, səyahət zamanı qarşılaşa biləcəyi çətinliklərdən narahat olsa da, hər şeyin problemsiz keçdiyini “Paraqraf.com”-a bildirib:
“Hər ölkənin pis və yaxşı insanları olur. İnsanların belə olması ölkənin idarə olunma tərzi ilə bağlıdır. Səyahətim zamanı neqativ hallar olsa da, Azərbaycanda yol soruşduğum insanlar, hətta ingiliscə bilməyənlər belə, mənə kömək edəcək birini tapmağa çalışdılar. İnsanlar həmişə mənimlə şəkil çəkdirmək istəyirdilər, hər kəsin üzündə təbəssüm vardı. Ölkə mənə Şanxayın Puxi bölgəsinin rahat atmosferini xatırladır, amma bura daha rahat, daha orijinal və təbiidir”.
Li Xiangyu həmçinin Azərbaycana və azərbaycanlılara simpatiya duyduğunu vurğulayıb:
“Mən buranı sevirəm: küçələrdə gəzməyi, kafelərdə vaxt keçirməyi, dənizkənarında xəyallara dalmağı… Bakı mənə Şanxayı xatırladır. Azərbaycanda sevdiyim digər məqam küçələrin çox təmiz və səliqəli olmasıdır”.
Turist ölkədə qiymətlərin yüksək olduğunu da diqqətə çatdırıb:
“İstər meyvə-tərəvəz, istər digər gündəlik tələbat malları baxımından qiymətlər Çindən xeyli yüksəkdir. Çində çox keyfiyyətli məhsulları daha aşağı qiymətə almaq mümkündür”.
Li Xiangyunun təcrübəsi göstərir ki, bəzən ölkəni daha obyektiv qiymətləndirmək üçün xarici baxış zəruridir. Onun təəssüratları Azərbaycan haqqında həm müsbət, həm də diqqət tələb edən məqamları turist gözü ilə görməyə imkan yaradır.
Ləman
“Paraqraf.com”
![]()
