Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya müqavilə əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə xidmət müddətinin 6 ay azaldılması nəzərdə tutulur.
Bu barədə qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Hərbi ekspert Ədalət Verdiyev “Paraqraf.com”a bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duran ən əsas vəzifəni — ölkə ərazilərinin düşmən işğalından azad edilməsini artıq təmin edib:

“Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya müqavilə əsasında hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə xidmət müddətinin azaldılması məhz bu vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır. Qanun qəbul edilərsə, ehtiyatda olan hərbi qulluqçuların daha erkən xidmətdən buraxılması və mülki həyatda öz karyeralarını qurması üçün şərait yaranacaq”.
Ekspert əlavə edib ki, Azərbaycan Türk Ordu modelinə uyğun tam peşəkar orduya keçidi prioritet hesab edir:
“Bu məqsədlə ölkəmizdə güc strukturlarının özünə məxsus hərbi təhsil müəssisələri mövcuddur. Həmin müəssisələrdə hazırlanan peşəkar heyətin orduda yerləşdirilməsi daha məqsədəuyğundur”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
