Bəzən gənclər karyera seçərkən ətraflarındakı insanların təzyiqlərinə məruz qalırlar. Bəzi gənclər öz ürəklərinin səsini dinləyib məqsədlərinin arxasınca gedirlər, digərləri isə sosial təzyiq altında arzularından imtina edirlər. Halbuki gənclərə sosial təzyiq göstərmək əvəzinə, onların arzularına hörmətlə yanaşmaq və dəstək olmaq ən doğru yanaşmadır.
Sosioloq Mail Yaqub “Paraqraf.com”a bildirib ki, karyera seçimində bir neçə şərt vacibdir:
“Gənc öz sevdiyi işi seçməlidir ki, həmin işdən həzz ala bilsin. Seçdiyi iş gəlirli olmalı və cəmiyyətdə aktual ehtiyac olmalıdır. Ən əsası isə seçilən sahə qanuna və hüquqa uyğun olmalıdır”.
Sosioloq əlavə edib ki, gənclər böyüklərin fikirlərini də nəzərə almalıdır:
“Heç kim valideynlərinin və böyüklərin fikirlərini kənara atmamalıdır. Bəzən gənc səhv yola yönəlir, dikbaşlıq edir. Bu təkəbbürlü davranış ona baha başa gələ bilər. Amma bəzən böyüklər də səhv istiqamət göstərə bilirlər. Belə hallarda müzakirə aparmaq lazımdır. Lakin gənclər mütləq sevdikləri peşə ilə məşğul olmalıdırlar”.
Sonda Mail Yaqub gənclərə tövsiyə edib ki, əgər bir sahəni sevmirsinizsə, valideynlər sizi məcbur etsə belə, həmin yerdə uğur qazana bilməyəcəksiniz.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
