“İcra başçılarının maaşları inzibati-ərazi vahidləri üzrə belədir:
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı – 7650 manat.
Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat.
Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.)
Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.)
Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)
Bu məbləğdən 14% gəlir vergisi, 3% DSMF, 2% tibbi sığorta, 0,5% işsizlik sığortası, bir də YAP-a üzvlük haqqı tutulur”.
Paraqraf.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazıb.
Bu maaşlar 1 mart 2022-ci ildən sonra artıb, həmin tarixdən icra başçılarının əsas maaşına, 1,5 misli əlavə verilir:
“Məsələn, 2022-ci ilə qədər Bakı şəhəri İcra Başçısının maaşı cəmi 3060 manat idi.
Məmləkətdə ərazi və əhalisi böyük olmayan Xızı rayonu var, 2012-ci ildən həmin rayonun icra başçısı eyni insandır. Bu məmur 2012-ci ildən 2022-ci ilə qədər ayda, bütün vergiləri çıxandan sonra 1700 manata yaxın maaş alırmış, indi bütün ödənişləri çıxandan sonra 3000 manat civarında maaş alır. Bu məmur 10 il 1700 manat, son 3 ildə isə 3000 manat maaşa necə dolanıb, yaşadığı ev, sürdüyü maşın bu gəlirə uyğundurmu?!”
Ekspert bildirib ki, Azərbaycanda icra başçıları instutu köhnəlib:
“Yerli özünüidarə institutları güclənməli, seçilmiş rayon-şəhər bələdiyyə sədrlərinin səlahiyyəti, ən başlıcası isə, məsuliyyəti artırılmalıdır ki, vətəndaşa xidmət etməyi öyrənsinlər, mərkəzdən gələn qeyri-qanuni tapşırıqları deyil də, seçicinin gözləntilərini yerinə yetirsinlər…”
![]()
