Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində bir qrup hərbi qulluqçunun şəhid olması xəbəri həm Türkiyədə, həm Azərbaycanda, həm də bütün Türk dünyasında dərin kədər doğurub.
Uçuş zamanı baş verən qəza nəticəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 20 nəfərdən ibarət hərbi heyəti şəhid olub. Onlar arasında pilot zabitlər, texniki heyət və uçuş mütəxəssisləri var.
Ailə, silahdaş və xalq üçün böyük itkidir. Qəhrəman hərbçilər illərini Vətənə xidmətə həsr etmiş, səmada təhlükəsizliyin təmin olunması uğrunda fədakarlıqla çalışmışdılar. Onlar Vətən borcunu yerinə yetirərkən, xidmət başında şəhidlik zirvəsinə ucaldılar.
Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır, eyni zamanda şəhidlərin ailələrinə və yaxınlarına dövlət səviyyəsində dəstək göstərilir.
Hadisə həm də Türk dünyasının birliyini və qardaşlığını bir daha nümayiş etdirdi. Azərbaycan ictimaiyyəti sosial mediada və mətbuatda dərin hüzn və həmrəylik ifadə edib.
Azərbaycan xalqı Türkiyə ilə eyni ağrını yaşayır, çünki bu itki bir millətin, iki dövlətin ortaq kədəridir. Hər iki ölkə tarix boyu eyni amal uğrunda mübarizə aparıb – Vətən, azadlıq və qardaşlıq uğrunda.
Şəhid hərbçilərin adları və xatirələri Türk ordusunun şərəfli tarixində daim yaşayacaq. Onlar sədaqətin, fədakarlığın və qəhrəmanlığın rəmzidir.
Ruhunuz şad olsun, göylərin igidləri!
Şəhidlər ölməz, Vətən bölünməz!
Həsən Məmmədov
Paraqraf.com
![]()
