XXI əsr insanı getdikcə daha çox şəhərlərə axışır. Daha yaxşı iş imkanları, təhsil, tibbi xidmət və müasir həyat tərzi insanları böyük şəhərlərin mərkəzinə cəlb edir. Bu proses – urbanizasiya – inkişafın göstəricisi kimi görünsə də, onun arxasında bir çox sosial problemlər də gizlənir.
Şəhərlərin genişlənməsi infrastrukturun, texnologiyanın və xidmət sahələrinin inkişafına yol açır. Lakin bu inkişaf, çox vaxt, əhali artımının sürətinə çatmır. Nəticədə bu problemlər ortaya çıxır: böyük şəhərlərdə əhali artdıqca kirayə qiymətləri yüksəlir, yeni yaşayış sahələri keyfiyyətsiz salınır, yollarda tıxaclar normaya çevrilir, su, elektrik, nəqliyyat kimi infrastrukturlar yüklənir. Şəhər böyüyür, amma yaşamaq çətinləşir.
Urbanizasiya gəlirləri bərabər paylamır. Şəhərdə yüksək gəlir qrupları ilə aşağı gəlir qrupları arasında uçurum yaranır. Lüks binaların kölgəsində kasıb məhəllələr böyüyür. Bu uçurum cəmiyyətdə inamsızlıq və sosial gərginlik yaradır.
Böyük şəhər – səs, sürət, məsuliyyət və yarış deməkdir. Bu reallıq xüsusilə gənclər və ailələr üçün ciddi psixoloji gərginlik yaradır: tənhalıq, sosial izolasiya, depressiya və stres. İronikdir, milyonlarla insanın içində insan özünü daha tənha hiss edir.
Urbanizasiya təbiətin hesabına baş verir: havanın çirklənməsi, ağacların qırılması, səs-küy, tullantıların artması. Şəhər böyüdükcə, nəfəs almaq çətinləşir. Əhali artdıqca, işsizlik və sosial təzyiq yüksəlir. Bu isə cinayətkarlığın artmasına şərait yaradır. Böyük şəhərlərdə polis yükü çoxalır, ictimai təhlükəsizlik pozulur.
Urbanizasiyanın problemlərini aradan qaldırmaq üçün: planlı şəhərsalma, yaşıl zonaların qorunması, sosial evlər və əlçatan yaşayış, ictimai nəqliyyatın gücləndirilməsi, psixoloji dəstək və sosial proqramlar, ekoloji siyasət və təmiz enerji layihələri vacibdir. Böyük şəhərlər yalnız binalarla deyil, insanla və insan üçün qurulduqda yaşanaqlı olur.
Urbanizasiya müasir dünyanın reallığıdır. Lakin şəhərlərin böyüməsi, insanların şəhərdə xoşbəxt yaşaması ilə yanaşı getməlidir. Əks halda, böyük şəhər inkişafın deyil, problem yığınlarının mərkəzinə çevrilir. Şəhəri böyütmək asandır, onu yaşanaqlı etmək isə dövlətin, cəmiyyətin və hər bir vətəndaşın məsuliyyətidir.
M. Mehdiyeva
![]()
