“Əvvəllər açıq-saçıq geyim sadəcə bədənin görünməsi yox, həm də sosial dəyərlərin pozulması kimi dəyərləndirilirdi. Yəni məsələ dəri yox, dəyərlər idi”.
Bu sözləri “Paraqraf.com”a açıqlamasında sosioloq Yusif Nəbiyev deyib.
Onun sözlərinə görə, insanlar geyim vasitəsilə sosial sinif, mədəni kapital və mənəvi mövqelərini göstərirlər:

“1960-cı illərdə qadının ətəyinin bir qarış qısalması cəmiyyətin əxlaq sərhədlərinə toxunurdu, çünki geyim sosial nizamın görünən simvolu idi. İndi isə həmin nizamın özü dəyişib, sərhədlər bulanıqlaşıb.
Müasir dövrdə geyim artıq əxlaqın yox, şəxsiyyətin və kimliyin ifadəsidir. İnsanlar öz zövqlərini, etirazlarını, dəstəklərini, emosional auralarını geyimlə ifadə edirlər.
Sosial media sayəsində, xüsusilə geniş vüsət almış vizuallıq mədəniyyəti ilə birlikdə qadın bədəni ideoloji mübarizə meydanına çevrilib. Bir tərəf onu azadlığın simvolu saydısa, digər tərəf onu kommersiyalaşmış obyekt kimi gördü və bu vəziyyətlə barışa bilmədi”.
O əlavə edib ki, əvvəlki nizamda qadın bədəninin “patriarxal qaydalarla” idarə olunduğunu deyib, ona mütləq azadlıq tələb edənlər qadını həqiqi mənada azadlığa çıxara bilməyiblər:
“Əvvəl onların üzərində kişilər hökm sahibi idisə, indi bazar mexanizmləri və “like” sayı hökm edir. “Like”lar daha açıq, daha rəngli qadın tələb etdikcə, qadın da get-gedə bu tələbə cavab verir və dəyişir.
XX əsrdə “ayıbdır” deyənlər var idisə, XXI əsrdə “bir az da çox aç” deyənlər çoxluq təşkil edir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
