Ədəbiyyat və incəsənət tarixində modernizm və postmodernizm bir-birini izləyən, lakin tam fərqli dünyagörüşlərini əks etdirən iki böyük cərəyan kimi tanınır. Hər ikisi öz dövründə insanın həyata, cəmiyyətə və sənətə baxışını köklü şəkildə dəyişdirib.
Modernizm XIX əsrin sonu – XX əsrin əvvəllərində, sənaye inqilabının, elmin və texnologiyanın sürətli inkişafı fonunda meydana gəlib. Bu dövrün insanı dünyanı dərk etmək, yenidən qurmaq və mükəmməl formaya çatmaq arzusu ilə yaşayırdı.
Modernist sənətkarlar köhnə ənənələrdən uzaqlaşaraq, yeni ifadə formaları yaratmaq istəyirdilər. Onlar inanırdılar ki, insan ağlı və yaradıcılığı vasitəsilə nizamlı, məntiqli bir dünya qurmaq mümkündür.
Ədəbiyyatda modernizm nümunələri olaraq, Ceyms Coysun “Uliss” romanı, Franz Kafkanın “Məhkəmə”si, Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlının, Hüseyn Cavidin əsərlərindəki yenilik ruhunu göstərmək olar.
Postmodernizm XX əsrin ortalarında, xüsusilə İkinci Dünya müharibəsindən sonra meydana gəldi. Müharibələrin, ideologiyaların və elmin yaratdığı məyusluq insanlarda “dünya artıq dərk edilə bilməz” düşüncəsini formalaşdırdı.
Postmodernistlər inanırdılar ki, həqiqət nisbidir, hər kəsin öz baxışı var və “bir doğru” anlayışı artıq yoxdur. Onlar modernizmin ciddiliyinə qarşı ironiya, oyun və parodiya ilə cavab verdilər.
Ədəbiyyatda postmodernizm nümunəsi olaraq göstərə bilərik: Umberto Ekonun “Qızılgülün adı”, Orxan Pamukun və Elçin Hüseynbəylinin əsərlərində postmodern elementləri.
Modernizm “dünyanı anlamağa çalışırdı”, postmodernizm isə “onun mənasızlığını göstərir”. Biri ümid və inam, digəri isə şübhə və çoxluq fəlsəfəsidir.
Modernizm üçün əsas anlayışlar: nizam, məqsəd, axtarış, ümid və mənanın mövcudluğu isə postmodernizm üçün bu- şübhə, çoxmənalılıq, oyun, ironiya və dekonstruksiya təşkil edir.
Modernizm dünyanı yenidən qurmaq istəyirdi, postmodernizm isə soruşdu: “Bəs bu dünya, doğrudanmı, qurulmağa dəyər?”
M. Mehdiyeva
![]()
