Gəncə şəhəri, Gəncə-Şəmkir şosesində fəaliyyət göstərən “Azerpetfood” MMC-yə məxsus heyvan mənşəli məhsulların emalı müəssisəsində yoxlama keçirilib.
Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, emal sahələrinin antisanitar vəziyyətdə olduğu, xammalın qəbulu və texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, istifadə olunan alət, avadanlıq və ləvazimatların təmiz saxlanmadığı, ümumilikdə məhsulların hazırlandığı sahələrin çirkli mühitə malik olduğu və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, hüquqi nümayəndəsi barədə inzibati protokol tərtib edilib, araşdırmalar davam etdirilir.
Paraqraf.com
![]()
