Müasir dövrdə rüşvət və korrupsiya problemi demək olar ki, bütün ölkələrin sosial və iqtisadi inkişafına mənfi təsir göstərir. Bu neqativ hallar yalnız fərdi səviyyədə deyil, həm də cəmiyyətin strukturunda dərin çatlar yaradır. Rüşvət ədalət, bərabərlik və sosial sabitlik kimi əsas prinsipləri sarsıdır, nəticədə insanlar arasında inamsızlıq və ədalətsizlik duyğusu güclənir.
Rüşvət hər bir ölkədə sosial və mənəvi sabitliyi pozan əsas faktorlardan biridir. Cəmiyyətdə ədalət və bərabərlik prinsiplərinin pozulmasına səbəb olan bu amil, sosial piramidanın təməlini sarsıdır.
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa paraqraf.com-a açıqlamasında bildirib ki, rüşvət təkcə fərdi səviyyədə deyil, bütöv cəmiyyətin strukturunda pozğunluq yaradır:
“Əlbəttə, rüşvət bütün cəmiyyətlərdə problemlərin əsas mənbəyidir. Çünki insanlar bütün proseslərin həllini məhz bu yolla tapmağa üstünlük verəndə, hüquq tamamilə sıradan çıxır. ‘Korrupsiya’ sözünün mənası da təsadüfi deyil. O, ‘pozulmuşluq’ deməkdir və bu, cəmiyyətin bütövlükdə pozulması anlamına gəlir. Bu problem nəticədə sosial sabitliyi də sarsıdır. Əgər rüşvət geniş yayılıbsa, sosial piramida sağlam qala bilmir – ya sistem tam bərpa olunur, ya da bütün cəmiyyət onun girdabına düşür. Bu acınacaqlı durumdur və rüşvətin tüğyan etdiyi ölkələrdə sabitlik olmur”.
Fazil Mustafa qeyd edib ki, rüşvətin kökünün kəsilməsi yalnız vətəndaş vicdanı ilə yox, həm də dövlət nəzarəti ilə mümkündür:
“Son vaxtlarda vəzifəli şəxslərə qarşı atılan addımlar göstərir ki, bu proseslərin əsas səbəbi rüşvət amilidir. Hər hansı məmurun böyük sərvət sahibi olması da bundan qaynaqlanır. Bu məsələlərin dövlət səviyyəsində nəzərə alınması vacibdir. Elə buna görə də ölkə prezidenti korrupsiyaya qarşı ən sərt tədbirlərin görülməsinə çağırış edir. Rüşvət cəmiyyətin sosial piramidasını dəyişməklə insanların ədalətə inamını zəiflədir. Cəmiyyətin sağlam inkişafı üçün isə dürüstlük və şəffaflıq əsas dəyərlərə çevrilməlidir”.
Cəfərova Validə
Paraqraf.com
![]()
