Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə gənc alimləri yetişdirib formalaşdıran, böyük üfüqlərə çıxaran əsas elmi mərkəzdir. Akademiyanın qorunub saxlanılması və inkişaf etdirilməsinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daim böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndərimiz elmin inkişafını millətin tərəqqisinin, dövlətin gücünün və gələcəyinin başlıca amili kimi dəyərləndirirdi. Bu gün Azərbaycan elmi həmin ideyaların – o möhkəm təməlin üzərində inamla irəliləyir. Cənab Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək elmin dövlət siyasətində prioritet istiqamətə çevrilməsini, gənc alimlərin dəstəyini və innovativ düşüncənin təşviqini təmin edir.
Bu sözləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə AMEA-nın 80 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda çıxışı zamanı bildirib.
O qeyd edib ki, “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” çərçivəsində yaradılan imkanlar və atılan ardıcıl addımlar da məhz bu məqsədə – elmi irsin davamlılığını təmin etməyə, yeni nəsil tədqiqatçıların yetişməsinə və gənclərin milli inkişaf prosesinə fəal şəkildə cəlb olunmasına xidmət edir.
Gənc tədqiqatçı vurğulayıb ki, bu strateji istiqamət Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində də öz əksini tapir, Akademiya gənc alimlərin potensialının ortaya çıxarılması, onların elmi mühitdə fəal iştirakının təmin olunması istiqamətində sistemli fəaliyyət göstərir.
“Bu məqsədlə təşkil olunan gənc doktorant və dissertantların elmi konfransları, “İlin gənc alimi”, “Ən yaxşı elmi məruzə”, “İlin ən yaxşı tədqiqat işi” və “Ən yaxşı elmi məqalə” kimi müsabiqələr, eləcə də “Gənc tədqiqatçı” jurnalının ingilis dilində də nəşri gənc alimlərin beynəlxalq elmi mühitdəki rolunu gücləndirir, onların araşdırma qabiliyyətini və yaradıcılığını stimullaşdırır. Azərbaycan Milli Elmlər Akademiyasında Gənclər Akademiyasının yaradılması gənc tədqiqatçılarımız üçün çox böyük perspektivlər vəd edir. Gənclər Akademiyası milli elmi gəncliyə rəsmi səviyyəli yeni platforma təqdim edəcək və beynəlxalq əməkdaşlıqlar üçün geniş imkanlar açacaq”, – deyə Arzu İsgəndərzadə bildirib.
Qeyd edib ki, Akademiya, eyni zamanda süni intellekt və rəqəmsal texnologiyalar sahəsində strateji addımlar atmaqdadır: “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində informasiya texnologiyalarının və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, kadr potensialının artırılması istiqamətində ardıcıl addımlar atılır. Bu istiqamət “Azərbaycan Milli Elmlər Akademiyasının 2025–2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”ndə də prioritet sahələrdən biri kimi öz əksini tapmışdır”.
Arzu İsgəndərzadə çıxışının sonunda vurğulayıb ki, möhtəşəm təşkil olunmuş tarixi yubiley elmin davamlı inkişafı və gənc alimlərin uğurlu gələcəyi üçün həm böyük bir stimul, həm məsuliyyətdir.
![]()
Visited 13 times, 1 visit(s) today
