Son aylarda mağaza və bazarlarda Monqolustan və Brazilyadan gətirilən ətə alıcı marağı xeyli artıb.
Kilosu müvafiq olaraq 12 (Monqolustan) və 15 manata (Brazilya) satılan bu ət növləri artıq bir çox marketlərin vitrinlərində yerli məhsulları arxa plana keçirib.
Rəsmi statistikaya əsasən, ötən il ölkəyə idxal olunan ətin həcmi 41 faiz artıb. Hazırda bazarlarda Monqolustanla yanaşı, Brazilya, Qazaxıstan, Belarus və bəzi Avropa ölkələrindən gətirilən ət məhsulları da geniş yayılıb.
Məsələ ilə bağlı “Paraqraf.com”un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir.

Qurumdan verilən məlumata görə, xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, eləcə də ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçir. İxracatçı ölkədəki epizootik vəziyyət nəzərə alınaraq yüklərin ölkəyə gətirilməsinə yalnız AQTA tərəfindən icazə verildikdən sonra idxal həyata keçirilir.
Yük partiyası ölkəyə daxil olduqdan sonra Agentliyin regional bölmələri tərəfindən baxış keçirilir, məhsullardan nümunələr götürülərək laborator analizlərə təqdim olunur. Analizlərin nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdiyi halda məhsullar dövriyyəyə buraxılır.
Bildirilib ki, belə məhsulların daşınması, satışı və saxlanılması zamanı etiketlənmə, temperatur rejimi və saxlama şəraiti kimi tələblərə ciddi riayət edilməlidir. İstehlakçılar isə satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb etmək hüququna malikdirlər.
Qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşan vətəndaşlar Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng edərək və ya “E-Qidam” mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
