Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 2
  • Səbinə Salmanova: “Omanda Azərbaycan səfirliyinin açılması tarixi hadisədir” – MÜSAHİBƏ

Səbinə Salmanova: “Omanda Azərbaycan səfirliyinin açılması tarixi hadisədir” – MÜSAHİBƏ

admin 02 Noyabr 2025 15 minutes read
17619918344107307666905dc9a9b165
PAYLAŞIN:

Milli Məclisin deputatı, Azərbaycan–Oman Sultanlığı parlamentlərarası işçi qrupunun rəhbəri Səbinə Salmanova “Report”a müsahibəsində iki ölkə arasındakı münasibətlərin və qarşılıqlı əməkdaşlığın mövcud vəziyyətindən danışıb.

Paraqraf.com həmin müsahibəni təqdim edir:

– Səbinə xanım, Azərbaycan–Oman Sultanlığı parlamentlərarası işçi qrupunun rəhbəri kimi ölkələr arasındakı münasibətləri necə xarakterizə edərdiniz? Bu münasibətlərin son illərdəki inkişaf dinamikasını necə qiymətləndirirsiniz?

– Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan Respublikası dostluq, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq bütün tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Bu baxımdan, Azərbaycan ilə Oman Sultanlığı arasında formalaşan münasibətlər özündə dərin etimad, qarşılıqlı anlayış və birgə inkişaf istəyini əks etdirir. Bildiyiniz kimi, Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biri də Oman Sultanlığıdır.

Belə ki, Oman 1991-ci il dekabrın 30-da Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci il iyulun 13-də isə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Oman Sultanı Heytəm bin Tariq Al Səid iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük önəm verirlər. Dövlət başçılarının qarşılıqlı etimad və hörmətə əsaslanan siyasi iradəsi Azərbaycan ilə Oman arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə, bütün sahələrdə daha sıx və səmərəli işbirliyinin qurulmasına geniş zəmin yaradıb.

Azərbaycan–Oman münasibətləri son dövrdə yeni məzmun qazanıb. Dialoqun fəallaşması, qarşılıqlı səfərlərin artması, iqtisadi və mədəni sahələrdə imzalanan sənədlər bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini nümayiş etdirir. Dövlət başçılarının qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan mövqeyi ölkələrimiz arasında münasibətlərin sabit, qarşılıqlı faydalı və etibarlı tərəfdaşlıq müstəvisində möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Azərbaycanın xarici siyasətinin əsas prinsipi qarşılıqlı etimad və bərabərhüquqluluqdur. Məhz bu prinsip Omanla münasibətlərdə də özünü aydın şəkildə göstərir. Oman Sultanı Heytəm bin Tariq də Azərbaycanla əlaqələrin dərinləşməsini regionda sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyətli hesab edir.

Azərbaycan ilə Omanı birləşdirən əsas dəyərlər – sabitlik, müstəqillik, qarşılıqlı hörmət və tərəqqi amilləridir. İki ölkə arasında diplomatik münasibətlər yaranandan bəri əlaqələr qarşılıqlı maraq və səmimi dostluq mühitində inkişaf edir. Hər iki ölkə beynəlxalq arenada bir-birinin suverenliyinə və ərazi bütövlüyünə dəstək göstərir, qlobal sülhün və təhlükəsizliyin qorunması istiqamətində oxşar mövqe nümayiş etdirir. Siyasi dialoqun yüksələn xətlə davam etməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin artması, parlamentlərarası əməkdaşlığın güclənməsi bu münasibətlərin strateji mahiyyətini daha da dərinləşdirir. Xüsusilə son illərdə keçirilən görüşlər, imzalanan sənədlər və aparılan danışıqlar tərəflərin əlaqələri yeni mərhələyə daşımaq əzmini açıq şəkildə göstərir.

– Ölkələr arasındakı iqtisadi və turizm sahəsində əlaqələrin bugünkü vəziyyəti necədir? Bu barədə nə deyə bilərsiniz?

– Əlbəttə, əlaqələr yüksələn dinamika ilə inkişaf etməkdədir. Hazırda Azərbaycan ilə Oman Sultanlığı arasında əməkdaşlıq təkcə siyasi müstəvi ilə məhdudlaşmır. Hər iki ölkə iqtisadiyyat, ticarət, enerji, mədəniyyət, turizm və təhsil kimi strateji əhəmiyyətli sahələrdə qarşılıqlı maraqlara əsaslanan yeni təşəbbüslər həyata keçirir. Son illərdə imzalanan sənədlər, hökumətlərarası görüşlər və işgüzar dairələrin təmasları bu əməkdaşlığın konkret nəticələr verməsinə şərait yaradıb. 2024-cü il üzrə statistik göstəricilər iki ölkə arasındakı iqtisadi əlaqələrin yüksələn dinamikasını aydın şəkildə nümayiş etdirir.

Belə ki, Azərbaycanla Oman Sultanlığı arasında ticarət dövriyyəsinin həcmi 66,57 milyon ABŞ dolları təşkil edib. Xarici ticarət saldosunun müsbət 65,81 milyon ABŞ dolları olması Azərbaycanın ixrac potensialının artdığını və qarşılıqlı iqtisadi maraqların davamlı şəkildə genişləndiyini göstərir. Hər iki tərəf qarşıdakı illərdə bu istiqamətləri daha da şaxələndirməyi, birgə investisiya layihələri və sənaye əməkdaşlığı formatlarını genişləndirməyi planlaşdırır.

Turizm sahəsində də Azərbaycan-Oman münasibətləri dinamik inkişaf mərhələsindədir. 2024-cü ildə Omandan Azərbaycana 24 min 140 nəfərin səfər etməsi bu ölkədən gələn ziyarətçi axınının ildən-ilə artdığını təsdiqləyir. Bu, bir tərəfdən Azərbaycanın artan beynəlxalq nüfuzunun, digər tərəfdən isə ölkəmizin turizm infrastrukturunun və təhlükəsiz mühitinin yüksək səviyyəsinin göstəricisidir.

Turist axınının artması həm də xalqlar arasında mədəni yaxınlaşmaya, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iqtisadi və sosial əlaqələrin dərinləşməsinə mühüm töhfə verir. Azərbaycan və Oman arasında formalaşmış bu iqtisadi və mədəni tərəfdaşlıq, dövlət başçılarının siyasi iradəsinə əsaslanaraq gələcək illərdə daha da genişlənəcək. Qarşılıqlı sərmayə yatırımları, ticarət missiyaları və birgə biznes forumlar bu əməkdaşlığın yeni mərhələsinə zəmin yaradır.

– Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Oman arasındakı əməkdaşlıq hansı istiqamətlərdə davam edir?

– Oman Sultanlığı beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Bu dəstək ilk növbədə iki ölkə arasında dərin köklərə malik dostluğun, qarşılıqlı hörmətin və səmərəli əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirilir. Oman Sultanlığı Azərbaycanın beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslanan prinsiplərini daim yüksək qiymətləndirərək beynəlxalq platformalarda bu mövqenin müdafiəsinə töhfə verib. Azərbaycan da öz növbəsində Omanın regional və qlobal miqyasda irəli sürdüyü təşəbbüslərə, sülh və sabitliyə yönəlik fəaliyyətinə daim dəstək göstərib. Hər iki ölkə beynəlxalq münasibətlərdə dialoq, qarşılıqlı anlaşma və çoxtərəfli əməkdaşlıq prinsiplərini əsas tutaraq bir-birinin maraqlarına hörmətlə yanaşır.

Hazırda Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq qurumlarda Azərbaycan və Oman arasında fəal əməkdaşlıq dinamik şəkildə davam edir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində hər iki dövlət müsəlman dünyasının həmrəyliyinin gücləndirilməsi, islamofobiya ilə mübarizə, qlobal ədalətin və sülhün təmin olunması istiqamətində eyni mövqedən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Oman Sultanlığının bu fəaliyyətlərə göstərdiyi səmimi dəstək ölkələrimiz arasında etimadın və diplomatik həmrəyliyin real təzahürüdür. Oman Sultanlığının bu dövrdə Azərbaycanın təşəbbüslərini dəstəkləməsi, Hərəkata üzv ölkələr arasında ədalətli və balanslı münasibətlərin formalaşmasına töhfə verməsi xüsusi qeyd olunmalıdır.

BMT çərçivəsində də Azərbaycan və Oman beynəlxalq təhlükəsizlik, sülhün möhkəmləndirilməsi, iqlim dəyişiklikləri ilə mübarizə və davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi sahəsində qarşılıqlı dəstək nümayiş etdirir. Hər iki dövlət beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi ilə seçilir, çoxtərəfli diplomatiyanın inkişafına, eləcə də qlobal dialoqun dərinləşdirilməsinə önəm verir. Əminliklə demək olar ki, beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış bu qarşılıqlı dəstək və əməkdaşlıq ənənəsi gələcəkdə daha da möhkəmlənəcək, Azərbaycan–Oman münasibətlərinin strateji məzmununu daha da zənginləşdirəcək.

– İşçi qrupun rəhbəri kimi, Azərbaycan–Oman münasibətlərinin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Bildiyiniz kimi, bu il fevralın 3-də Milli Məclisdə Oman Sultanlığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması haqqında qərar layihəsinin qəbul edilməsi iki ölkə arasında diplomatik münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm hadisədir. Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən parlamentlərarası işçi qruplarının fəaliyyətinə, onlar arasındakı münasibətlərin daha da sıx olmasına böyük önəm verilir. Bu əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan və Oman dostluq, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu əlaqələrin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə genişlənməsi parlamentlərarası əməkdaşlıq üçün də əlverişli zəmin yaradıb. Milli Məclisdə yaradılan Azərbaycan–Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun əsas məqsədi iki ölkənin qanunverici orqanları arasında münasibətləri gücləndirmək, qarşılıqlı təcrübə mübadiləsini təmin etmək və parlament diplomatiyasını inkişaf etdirməkdir.

Belə işçi qrupları dövlətlərarası əlaqələrin yalnız hökumətlər səviyyəsində deyil, həm də qanunverici orqanlar vasitəsilə sistemli şəkildə inkişafına xidmət edir. Parlamentlərarası əməkdaşlıq həm də “yumşaq diplomatiya” aləti kimi iki xalq arasında dostluq və etimadın möhkəmlənməsinə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin artırılmasına şərait yaradır.

Onu da bildirim ki, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavalinin başçılıq etdiyi nümayındə heyəti bu il fevralın 19-da Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak etmişdi. Hesab edirəm ki, Azərbaycan–Oman parlamentlərarası əlaqələrinin daha da inkişafı gələcəkdə iqtisadi, ticarət və humanitar münasibətlərin dərinləşməsinə, eyni zamanda iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına xidmət edəcək.

– Xarici işlər naziri Ceyhun Bayramovun və Omanın xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi iştirakı ilə oktyabrın 20-da Maskat şəhərində Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirildi. Sizcə, bu hadisə iki ölkənin münasibətləri baxımından hansı əhəmiyyətə malikdir?

– Bu, Azərbaycan–Oman münasibətlərinin inkişafında yeni mərhələdir. Oman Sultanlığında Azərbaycanın səfirliyinin açılması iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsi baxımından tarixi hadisə kimi qiymətləndirilməlidir. Bu addım Azərbaycan diplomatiyasının Körfəz regionunda fəallığının artdığını və Yaxın Şərq ölkələri ilə münasibətlərin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir.

Səfirliyin açılması, ilk növbədə, siyasi dialoqun institusional əsasda möhkəmlənməsi deməkdir. Artıq əlaqələr birbaşa diplomatik nümayəndəlik vasitəsilə daha operativ, sistemli və məqsədyönlü şəkildə həyata keçiriləcək. Bu, eyni zamanda iki ölkə arasında qarşılıqlı siyasi etimadın və strateji maraqların gücləndiyini nümayiş etdirir.

Səfirlik yalnız diplomatik əlaqələrin deyil, həm də mədəni, elmi və təhsil sahələrində əməkdaşlığın da genişlənməsinə xidmət edəcək. Burada mədəniyyət günləri, sərgilər, təhsil proqramları və gənclər mübadiləsi kimi təşəbbüslərin həyata keçirilməsi iki xalq arasında qarşılıqlı anlayışı və dostluq münasibətlərini daha da möhkəmləndirəcək.

Onu da qeyd edim ki, Azərbaycanın Oman Sultanlığındakı səfiri Rəşad İsmayılov peşəkar, vətənpərvər, geniş dünyagörüşə və beynəlxalq münasibətlər sahəsində dərin biliklərə malik diplomatdır. Əminəm ki, səfirimiz iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrdə dərinləşməsi istiqamətində bütün bilik və təcrübəsini səfərbər edəcək.

– Gələcək perspektivlər barədə nə deyərdiniz?

– Əminliklə deyə bilərəm ki, Azərbaycan–Oman münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək. Qarşılıqlı maraqlara xidmət edən yeni layihələr, birgə investisiya təşəbbüsləri və mədəni əməkdaşlıq proqramları bu əlaqələri daha da zənginləşdirəcək.

Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətləri bu gün yalnız iki ölkənin deyil, bütövlükdə regionun sülh və sabitlik mühitinə töhfə verən nümunəvi tərəfdaşlıq modelidir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Omanla münasibətlərin inkişafı da bu siyasətin parlaq təzahürlərindən biridir.

Loading

Visited 21 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Şirkətimizə istənilən adı verə bilərik, övladımıza yox
Next: Fuad Rəsul səfir seçildi

OXŞAR MÖVZULAR

622831610_2099591370828876_1463721973845710828_n (1)

Sapı özümüzdə olan yaralar

admin 28 Yanvar 2026
2026_01_12_6964a498de789

Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşması dayanır

admin 12 Yanvar 2026
1739280352_musfiq

Müşfiq Ötgün: “Əxlaq cəmiyyətin etiketi yox, insanın daxili seçimidir”

admin 09 Yanvar 2026

XƏBƏR LENTİ

Sabah hava yağıntılı olacaq – PROQNOZ 118dbef8-ee46-4933-a36d-7b9356b574fc_1200

Sabah hava yağıntılı olacaq – PROQNOZ

07 Mart 2026
Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb 0qNeEe55S8uSrzyl5xBcFL9k0Be2Baaha5IDwnAk_1200

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

07 Mart 2026
Qohumunun 28 min manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb ff4ced37-29ff-4438-b622-6798720a8458_1200

Qohumunun 28 min manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

07 Mart 2026
İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

07 Mart 2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb -9aa7095715841035932363337031026797

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

07 Mart 2026
Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.