“Peşə təmayüllü təhsilin gələcəyi barədə danışarkən, biz təkcə bir təhsil modelindən yox, bütöv bir sistemin dəyişən fəlsəfəsindən bəhs edirik. Müasir dövrdə artıq “hər kəs ali təhsil almalıdır” yanaşması yerini “hər kəs bacarığına uyğun peşəyə sahib olmalıdır” düşüncəsinə verir. Bu dəyişiklik yalnız iqtisadi deyil, həm də sosial və mədəni baxımdan vacib dönüş nöqtəsidir”.
Bu fikirləri Paraqraf.com-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib. Onun sözlərinə görə, gənclərin maraq və bacarıqları vaxtında müəyyənləşdirilərsə və onlar düzgün istiqamətə yönləndirilərsə, həm fərdi, həm də milli səviyyədə daha sağlam təhsil ekosistemi formalaşar:
“Hər bir gəncin potensialı fərqlidir, kimsə yaradıcı sahələrdə, kimsə texniki peşələrdə, digəri isə idarəetmə və ya xidmət sektorunda özünü reallaşdıra bilər. Təəssüf ki, illərlə formalaşmış ‘diplom yönümlü’ düşüncə bu fərqliliyi kölgədə saxlamışdı. Amma peşə təmayüllü təhsil bu stereotipi qırmaq üçün real şans yaradır”.
Ekspert vurğulayıb ki, peşə təhsili təkcə praktiki bacarıqların qazanılması deyil, həm də düşünmə, planlama, innovasiya və əmək bazarına uyğunlaşma qabiliyyətini formalaşdırır:
“Bu sistemin məqsədi sadəcə usta yetişdirmək yox, öz sahəsində düşünən, istehsal edən və ölkənin inkişafına töhfə verən peşəkar formalaşdırmaqdır. Burada əsas məsələ məktəblərlə müəssisələrin əməkdaşlığıdır. Şagirdlər öyrəndiklərini praktik mühitdə tətbiq etdikcə, həm bacarıqları möhkəmlənir, həm də gələcək iş mühitinə daha asan uyğunlaşırlar”.
Əmrah Həsənli əlavə edib ki, bu istiqamətin davamlılığı üçün psixoloji yönləndirmə mühüm rol oynayır:
“Şagirdlər peşə seçimlərini təsadüfi deyil, daxili maraq və güclü tərəflərinə əsaslanaraq etməlidirlər. Bu mərhələdə məktəblərdə psixoloji dəstək və peşə yönümü testlərinin tətbiqi vacibdir. Çünki düzgün yönləndirmə aparılmadıqda, ən mükəmməl sistem belə arzuolunan nəticə vermir”.
Ekspertin fikrincə, gələcəkdə peşə təmayüllü təhsil həm texnoloji, həm də sosial baxımdan daha cazibədar modelə çevriləcək:
“Süni intellekt, avtomatlaşdırma və yeni istehsal sahələri klassik ixtisasları dəyişdirir. Bu isə o deməkdir ki, biz artıq ‘peşə məktəbi’ anlayışını ənənəvi deyil, müasir tələblərə cavab verən, çevik və dinamik platforma kimi düşünməliyik”.
Sonda o qeyd edib ki, əgər təhsil sistemi bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atarsa, gələcəkdə həm gənclərin işsizlik problemi azalacaq, həm də cəmiyyətin peşəyə olan münasibəti kökündən dəyişəcək:
“O zaman biz təhsili yalnız diplomla ölçməyəcək, insanın bacarığı və dəyəri ilə qiymətləndirəcəyik. Bu isə təhsil sistemimizin ən böyük qalibiyyəti olacaq”.
Cəfərova Validə
Paraqraf.com
![]()
