Valideynlər bəzən fərqinə varmadan uşağın dəyərlər sistemini texnologiyanın diktəsi ilə formalaşdırırlar. Yəni bir tərəfdən deyirlər ki, uşaq niyə oxumur, niyə diqqətsizdir, amma digər tərəfdən elə mühit yaradırlar ki, uşaqda oxumağa, düşünməyə, səbr etməyə motivasiya qalmır. Beş yaşlı uşağın əlində bahalı telefon, qulağında “AirPods”, stolun üstündə “iPad” olanda artıq uşaq üçün hər şey asan əldə olunan bir şeyə çevrilir. O düşünmür ki, nəyisə qazanmaq üçün zəhmət çəkmək lazımdır, çünki onun bütün istəkləri bir toxunuşla yerinə yetirilib. Bu, uşağın psixoloji inkişafına, öyrənmə marağına və ən əsası, diqqət mədəniyyətinə birbaşa zərbə vurur.
Texnologiyanın özü günahkar deyil, amma onun istifadəsi nəzarətsiz qalanda uşaqda reallıqla əlaqə zəifləyir. O, artıq kitabı bir məlumat mənbəyi kimi görmür, çünki telefon ona daha tez cavab verir, daha parlaq, daha səsli, daha rəngli informasiyalar təqdim edir. Valideyn isə çox vaxt bunu “müasirlik” adı ilə əsaslandırır. Halbuki müasirlik uşağın əlindəki telefonun modelində deyil, onun beynində formalaşan düşüncə tərzində, marağında və analitik bacarığında ölçülür.
Məsələnin kökündə çox sadə bir həqiqət dayanır: uşaq nə görürsə, onu da mənimsəyir. Əgər evdə valideyn hər gün telefondadırsa, axşamlar evdə kitab oxuyan, söhbət edən, birgə masa arxasında vaxt keçirən mühit yoxdursa, uşaq təbii ki, bu davranış modelini təkrarlayacaq. Uşağa “oxu” deməzdən əvvəl valideynin öz davranışı oxumağa çağırış olmalıdır. Valideyn kitabı vərəqləmirsə, uşaq da kitabın dəyərini anlamayacaq.
Bəzən valideynlər uşağın sakit qalması üçün ona telefon verirlər. “Bir az baxsın, sakit otursun” – bu yanaşma problemi kökündən dərinləşdirir. Uşaq bu şəkildə öyrənir ki, rahatlıq texnologiya ilə gəlir, yəni sükut, maraq, diqqət kimi anlayışlar artıq təbiiliyini itirir. Bu vərdiş sonradan məktəb dövründə dərslərə diqqət çətinliyinə, tez bezməyə, oxumaq istəməməyə gətirib çıxarır.
Valideyn övladına bahalı telefon almağı uğur sayır, amma bahalı texnologiyanın içində ucuz dəyərlərlə böyüyən uşaq yetişdirir. Halbuki uşaq üçün ən qiymətli hədiyyə onunla keçirilən vaxtdır – səmimi söhbətlər, birgə oyun, maraqla oxunan nağıl, ya da sadəcə onun fikrinə qulaq asmaq. Bu şeylər uşağın daxilində dəyərlər sistemini formalaşdırır, mütaliə marağını oyadır və öyrənməyə həvəs yaradır.
Yəni “uşaq oxumur” deməzdən əvvəl hər bir valideyn öz davranışını, evdəki mühiti, texnologiyanın rolunu və uşağa ötürdüyü mesajı düşünməlidir. Uşağa telefon verib, sonra da “oxumur” demək ədalətli deyil. Çünki o uşağa sən kitabı deyil, ekranı sevdirmisən. Valideynin borcu uşağın əlinə cihaz vermək yox, onun beyninə maraq, qəlbinə məsuliyyət, həyatına məqsəd verməkdir.
Əgər biz gələcəyin düşünən, araşdıran və öyrənən insanlarını yetişdirmək istəyiriksə, o zaman uşaqlara texnologiyanın deyil, bilik və zəhmətin dəyərini göstərməliyik. Onda nə bahalı “iPhone”a, nə də “oxumur” gileyinə ehtiyac qalmaz.
![]()
