Son günlər ölkədə korrupsiya ilə bağlı aparılan əməliyyatlar yenidən gündəmin əsas mövzusuna çevrilib. Xüsusilə Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində icra başçısı İslam Vahid oğlu Rzayevin vəzifəsindən azad edilməsi cəmiyyətdə geniş rezonans doğurub. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Məlumata görə, saxlanılanlar arasında rayon rəhbərliyinin bir neçə yüksək vəzifəli nümayəndəsi də var və onlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.
Mövzu ilə bağlı “Paraqraf.com”a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, korrupsiya təkcə bir ölkəyə və ya dövrə xas məsələ deyil — bu, bəşəri problemdir:

“İnsan varsa, tamah var, tamah varsa, bunu genişləndirmək istəyi var. Buna görə də yekun proses barəsində nəsə danışmaq doğru deyil. Bu məsələ korrupsiyanı azaltmaq istiqamətində izah olunmalıdır. Ölkə Prezidenti də bu istiqamətdə dəfələrlə xəbərdarlıq edir”.
Deputat əlavə edib ki, dövlət başçısının təyin etdiyi şəxslər arasında da bəzən bu kateqoriyaya aid insanlar tapılsa da, onlara qarşı ciddi mübarizə aparılır:
“Belə vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması cəmiyyətdə inam yaradır ki, toxunulmaz adam yoxdur. Yəni hər kəs öz törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Əgər hansısa rayonda belə bir problem varsa, dövlətin nəzarəti və reaksiyası da məhz bu formada təzahür edir və müvafiq addımlar atılır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
