2025/26 mövsümü UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” növbəti oyununu noyabrın 5-də keçirəcək. Komanda bu dəfə İngiltərənin tanınmış təmsilçisi “Çelsi” ilə üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:45-də start götürəcək.
İdman jurnalisti Fuad Eldarov “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu görüşdə “Çelsi”nin qələbə şansı bir qədər yüksək qiymətləndirilir:

“Çelsi” İngiltərə Premyer Liqasının top komandalarından biridir və hazırda yüksəliş dövrünü yaşayır. Komandanın son oyunlardakı nəticələri göstərir ki, “Qarabağ”la qarşılaşmada üstünlük ehtimalı daha çox “Çelsi”nin tərəfindədir”.
Bununla belə, jurnalist “Qarabağ”ın da öz meydanında fərqlənə biləcəyini vurğulayıb:
“Oyun Bakıda, Tofiq Bəhramov stadionunda keçiriləcək və yerli azarkeşlərin dəstəyi “Qarabağ” üçün böyük motivasiya olacaq. “Çelsi” də öz azarkeşlərini gətirəcək, bu da qarşılaşmanı daha maraqlı edəcək”.
Fuad Eldarov əlavə edib ki, oyundan əvvəl nəticə barədə qəti fikir bildirmək doğru olmaz:
“Hamı “Çelsi”nin nəyə qadir olduğunu bilir. Amma bu turnirdə zəif komanda yoxdur. “Benfika” və “Kopenhagen” də güclü rəqiblərdir. “Qarabağ” isə öz oyun tərzi ilə heç də zəif təsir bağışlamır. Qarşıda hələ dörd oyun var, hər şey mümkündür. Bir məğlubiyyət heç nəyi həll etmir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
