Sevgi haqqında çox danışırıq — filmlərdə, şeirlərdə, sosial mediada… Amma bəzən elə bilirik ki, sevgi yalnız bir hissdir, ürək çırpıntısı, baxış, həyəcan. Halbuki, sevgi təkcə hiss deyil — bir məsuliyyətdir. Ən doğrusu hislərlə başlayıb məsuliyyətlə bitən bir haldır.
Hisslər gəlir və keçir, amma məsuliyyət qalır. Əsl sevgi, qarşısındakı insanı anlamaq, onu qorumaq, dəyərlərinə hörmət etməkdir. Sevmək “səni istəyirəm” demək qədər asan, “səni anlamağa çalışıram” demək qədər çətindir. Çünki hisslər anlıqdır, amma məsuliyyət zamanla sınaqdan keçir.
Hər kəs sevilmək istəyir, amma çox az insan sevməyin məsuliyyətini daşıya bilir. Sevgi bəzən susmaqdır, bəzən güzəştə getmək, bəzən də uzaqdan xeyir diləməkdir. O, nə mükəmməllik, nə də romantik səhnə axtarır — sadəcə səmimiyyət və səbr istəyir. Sevgi hər daim yanında olmaq demək deyil, çox zaman onun yaxşılığı üçün uzaqdan izləməkdir, bəzən unutmağa çalışmaqdır, xoşbəxt olsun deyən yanından getməkdir.
Gerçək sevgi egoistlikdən çox uzaqdır. Yerində və zamanında olan sevgi gözəlləşir, pöhrələnir qol-budaq atır.
Əsl sevgi, qarşısındakı insanın xoşbəxtliyini öz rahatlığından üstün tutmaqdır. Sevgi “məni xoşbəxt et” deyil, “mən səni xoşbəxt etmək istəyirəm” deməkdir. O, seçmək deyil — seçimini qorumaq bacarığıdır.
Unutmayaq: duyğular zamanla dəyişə bilər, amma məsuliyyət sevginin kökündə olanda, o hiss heç vaxt ölmür.
Sevgi sadəcə ürəklə yox, vicdanla da hiss ediləndə — o zaman həqiqi olur.
M. Mehdiyeva
![]()
