Zaman axır, həyat dəyişir, texnologiyalar sürətlənir, amma bir sual yerində qalır: biz dəyişərkən nələri geridə qoyuruq? Cəmiyyət böyüyür, inkişaf edir, lakin bəzən bu inkişafın içində ən dəyərli olan – insanlıq, mərhəmət, hörmət, vicdan – sanki addım-addım uzaqlaşır.
Bu gün insan münasibətləri daha çox “like”larla, mesajlarla, sosial mediada paylaşılan hisslərlə ölçülür. Lakin ekrandakı gülümsəmə, bəzən gerçək həyatda gizlədilən yorğunluğun maskası olur. Əvvəllər ailə süfrəsində bölüşülən söhbətlər, indi telefon ekranında qısa cavablara çevrilib. Əvvəllər qonşu bir dərdini bölüşəndə evə dəvət edilərdi, indi “yaz, baxaram” deyib ötürürük. Bəli, cəmiyyət dəyişir – amma bu dəyişimin içində dəyərlər sükuta çəkilir.
Halbuki dəyərlər cəmiyyətin ruhudur. Dürüstlük, hörmət, sevgi, paylaşmaq – bunlar bizi insan edən keyfiyyətlərdir. Onlar itəndə, binalar yüksəlsə də, yollar genişlənsə də, cəmiyyətin ürəyi daralır. Müasirlik o demək deyil ki, kökləri unudaq. Əksinə, kökləri olmayan ağac necə quruyursa, dəyərləri olmayan cəmiyyət də eyni aqibətlə üzləşir.
Amma ümid hələ var. Hər bir ailə, hər bir valideyn, hər bir gənc bu dəyərləri yaşada bilər. Bir gülümsəmə, bir təşəkkür, bir səmimi dəstək – bəlkə də cəmiyyətin yenidən insanlaşması üçün kifayətdir. Biz texnologiyanı idarə etməliyik, yoxsa o bizi… Dəyərləri qorumağın ən sadə yolu isə özünü dəyişdirərkən içindəki yaxşılığı itirməməkdir.
Cəmiyyət dəyişməlidir, çünki dəyişməyən həyat donur. Amma bu dəyişimin içində itirməməli olduğumuz bir şey var: ürək.
Çünki texnologiya gələcəyi yaradır, amma dəyərlər — o gələcəyin mənasını verir.
M. Mehdiyeva
![]()
