Uşaqlar dünyaya “mükəmməl olmaq” üçün gəlmirlər. Onların çiyinlərinə bu yükü sonradan biz — valideynlər qoyuruq. “Dərs oxu!”, “bal yığ!”, “ad-san qazan!”, “filankəsdən geri qalma!” — sanki uşaqlar insan yox, yarış atıdır. Nəticədə böyüyən nəsil uğur qazanır, amma xoşbəxt ola bilmir. Bu uğur, bəs, kimin üçündür? Uşaq üçün, yoxsa valideynlərin eqosu üçün?
Valideyn övladını sevir, onun yaxşı olmasını istəyir — bunda problem yoxdur. Problem o zaman yaranır ki, sevgi təzyiqə, müqayisəyə, zorlanmış ambisiyaya çevrilir. “Qonşunun uşağı 600 bal yığdı…” “Sənin yaşında mən işləyirdim…” “Mən oxumamışam, sən gərək oxuyasan…” “Utandırma məni!” Bu cümlələr uşağın beynində bir mesaj yaradır: “Mən olduğum kimi dəyərli deyiləm. Sevilmək üçün sübut etməliyəm.” Beləcə uşaq böyüyür, travma böyüməyə davam edir.
Valideyn təzyiqinin nəticəsi çox vaxt illərlə özünü göstərir: daimi qorxu, özünüdəyərsizlik, depressiya və ya aqressiya.
Beləliklə, “uğurlu olsun” deyə böyütdüyümüz uşaq uğurlu, amma narahat, təhsilli, amma özünə qapanmış, diplomlu, amma sevgisiz bir yetkinə çevrilə bilər.
Bəzən uşaq piano çalmaq yox, rəsm çəkmək istəyir. Bəzən həkim yox, mühəndis olmaq istəyir. Bəzən isə sadəcə dərs oxumadan, küçədə qaçıb oynamaq… Uşaq üçün normal olanı biz “vaxt itkisi” sanırıq.
Halbuki bir həqiqət çox sadədir: istək – motivasiya yaradır, motivasiya – nəticə gətirir. Məcburiyyət isə yalnız itişmə, qırılma və nifrət yaradır.
Valideynin gücü qışqırmaqda deyil, bağ yaratmaqdadır. Uşaqlar eşidilmək istəyir, məcbur edilmək yox.
Valideyn müqayisəni tamamilə dayandırmalı, uşağın fərdi maraqlarını qəbul etməli, nəticəni deyil, səyi qiymətləndirməli, dinləməli — hökm çıxarmadan, sevginin şərtsiz olduğunu uşaqdan gizlətməməli
Bir uşaq özünü dəyərli hiss edəndə, uğur özü gəlir — təzyiqlə yox, daxili güclə.
Bəzən valideyn sevgisi “təzyiq”, qayğı isə “idarəetmə” kimi hiss olunur. Amma uşaqlar sevgini fədakarlıqda deyil, qəbul edilməkdə görürlər. Biz onlara həyatı öyrədirik, bəs xoşbəxt olmağı da öyrədirikmi?
Uğur uşağın ruhunu sındırmamalıdır. Çünki psixoloji zərbə ilə qazanılan hər nəticə əslində itirilmiş uşaqlıq bahasına başa gəlir.
M. Mehdiyeva
![]()
