Qiymətli metallar bazarında genişmiqyaslı satışların təsiri ilə qızıl 2013-cü ildən bəri ən kəskin enişini, gümüş isə 2021-ci ildən bu yana ən böyük qiymət itkisini yaşayıb.
Bir neçə həftə davam edən və qiymətli metalların ardıcıl olaraq rekord səviyyələrə yüksəlməsinə səbəb olan “rallidən” sonra qızılın qiyməti kəskin şəkildə geriləyib.
Dünən qızılın bir unsiyasının qiyməti 4381,52 ABŞ dollarına qədər yüksələrək yeni zirvəyə çatmışdı. Lakin bu gün qlobal birjalarda qızıl 6,3% ucuzlaşaraq son 12 ilin ən böyük geriləməsini qeydə alınıb.
Mövzu ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası idarə heyətinin üzvü – sədrin müavini Rövşən Əmircanov “Paraqraf.com”a açıqlamasında bildirib ki, qızılın qiymətindəki kəskin eniş əsasən ABŞ dollarının möhkəmlənməsi və ABŞ–Çin arasında ticarət münasibətlərində yaranan sabitlik gözləntiləri ilə bağlıdır:

“ Bu, investorların qızıla yönəlmiş tələbatını qısamüddətli dövrdə azaltdı.
Bundan başqa, uzunmüddətli artımdan sonra bir çox investorlar mənfəət realizasiyasına, yəni satışa keçərək bazarda texniki korreksiyaya səbəb oldular. Asiya ölkələrində tələbatın azalması və geosiyasi gərginliyin nisbətən zəifləməsi də bu prosesə əlavə təsir göstərdi.
Son günlərdə qızıl 12 ilin ən kəskin enişini yaşasa da, artıq bazarda toparlanma meyilləri görünür. Biz qızılın pik nöqtəsini keçdiyi fikri ilə razılaşmırıq, çünki bu, əsasən emosional və spekulyativ alışların nəticəsində yaranmış qısamüddətli düzəliş xarakteri daşıyır.
Qızıl hələ də iqtisadi və siyasi qeyri-müəyyənliklər fonunda etibarlı investisiya aləti hesab olunur, lakin qısamüddətli dövrdə dalğalanma riski yüksək olaraq qalır”.
Rövşən Əmircanov qeyd edib ki, bu düşüş ən çox hansı növ qızıllarda müşahidə olunduğundan da danışıb:
“Düşüş ilk növbədə investisiya məqsədli 999 əyarlı külçə və sikkələrdə özünü göstərib. Bu növ qızıllar birbaşa beynəlxalq bazar qiymətlərinə bağlı olduğundan, xarici birjalardakı hər bir dəyişiklik onların dəyərinə dərhal təsir edir. İnvestorlar qlobal qiymət enişlərinə adətən tez reaksiya verir və bu seqmentdə satışlar daha operativ şəkildə həyata keçirilir.
Əvəzində, 750 və 585 əyarlı zərgərlik qızıllarında qiymət azalması nisbətən məhdud şəkildə hiss olunur. Bunun səbəbi odur ki, bu növlərin dəyərinə işlənmə xərci, dizayn, daş əlavələri və satış marjası da daxildir. Bu komponentlər qiymətin dəyişkənliyini qismən yumşaldır, amma nəticə etibarilə ümumi bazar tendensiyası bu seqmentlərə də təsir göstərir.
Ümumilikdə, bu eniş qısamüddətli texniki korreksiya kimi qiymətləndirilir. Əgər beynəlxalq bazarlarda sabitlik bərpa olunsa və mərkəzi bankların alışları davam etsə, qızılın qiymətləri yaxın müddətdə yenidən stabilləşə və artım trayektoriyasına qayıda bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
