Bu gün dünya sürətlə rəqəmsallaşır. Texnologiyanın inkişafı insan həyatını, iş dünyasını və təhsil sistemini əsaslı şəkildə dəyişdirir. Rəqəmsal yeniliklər bir tərəfdən bir çox ənənəvi peşələri aradan qaldırsa da, digər tərəfdən yeni imkanlar və ixtisasların yaranmasına zəmin yaradır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Paraqraf.com-a açıqlamasında bildirib ki, qlobal iqtisadiyyatın rəqəmsallaşması əmək bazarının strukturunu köklü şəkildə dəyişir. Onun fikrincə, gələcəyin iqtisadiyyatında əsas dəyərlər rəqəmsal savadlılıq, çeviklik və yaradıcılıq bacarığı olacaq:

“Azərbaycan da bu qlobal trendlərə uyğunlaşmaq üçün təhsil və gənclər siyasətində ciddi islahatlar həyata keçirir. Rəqəmsal bacarıqların məktəb təhsilinə inteqrasiyası, eləcə də “Digital Skills”, “İnnovasiya Mərkəzləri” və “Rəqəmsal Yeteneklər Akademiyası” kimi təşəbbüslər gənclərin gələcək əmək bazarına uyğun formalaşdırılmasına xidmət edir.
Bununla yanaşı, rəsmi təhsildən kənar qısa onlayn kurslar, startap proqramları və beynəlxalq sertifikatlaşdırma imkanları da gənclərin rəqəmsal dünyaya daha çevik adaptasiyasını təmin edir.
Nəticə etibarilə, gələcəyin iqtisadiyyatına texnologiya yön verir və bu şəraitdə rəqəmsal bacarıqlar gənclərin ən böyük kapitalına çevrilir. Təhsil sistemi və dövlət siyasəti isə bu transformasiyanın mərkəzində dayanaraq yeni nəsil üçün real fürsətlər yaradır”.
Validə Cəfərova
Paraqraf.com
![]()
