Azərbaycanda kvotaların tətbiqi yeni anlayış deyil. Dövlət uzun illərdir müəyyən məhsulların idxalını və ixracını tənzimləməklə yerli istehsalı qorumağa və bazarda balans yaratmağa çalışır. Lakin son dövrlərdə bu məsələ xüsusilə ərzaq və kənd təsərrüfatı məhsulları sahəsində daha da aktuallaşıb.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Paraqraf.com-a açıqlamasında bildirib ki, kvotalar daxili bazarın qorunması, yerli istehsalın stimullaşdırılması və xarici ticarət balansının tənzimlənməsi məqsədlərinə xidmət edir. Onun sözlərinə görə, kvota siyasəti həm iqtisadi təhlükəsizlik aləti, həm də bazar sabitliyini qoruyan mühüm mexanizmdir.

Ekspertin fikrincə, kvotaların tətbiqi xüsusilə aşağıdakı məhsul və sahələrdə daha aktual ola bilər:
1. Ərzaq və kənd təsərrüfatı məhsulları – ət, taxıl, süd və digər əsas qida məhsullarında idxal və ixrac kvotaları tətbiq olunaraq yerli istehsal qoruna bilər.
2. Enerji və strateji xammal – təbii qaz və elektrik enerjisi kimi resurslarda daxili tələbatın ödənməsi üçün ixrac kvotalarının tətbiqi mümkündür.
3. Emal və istehsal sektoru – pambıq, iplik kimi xammallar üzrə kvotalar daxili emal müəssisələrinin fəaliyyətini dəstəkləyir.
4. Tikinti materialları – sement, armatur, çınqıl kimi məhsullarda idxal kvotaları yerli sənaye müəssisələrinin maraqlarını qorumağa kömək edir.
Nəsirlinin sözlərinə görə, kvota mexanizmlərinin düzgün tətbiqi həm yerli istehsalçının maraqlarını müdafiə edir, həm də xarici bazarlarda Azərbaycanın mövqeyini gücləndirə bilər.
Ən aktual sahələr:
Ərzaq məhsulları
Kənd təsərrüfatı
Enerji resursları
Tikinti materialları
Təbii ehtiyatlar
Validə Cəfərova
Paraqraf.com
![]()
