Dünya siyasətində yeni bir səhifə açılır. ABŞ Prezidenti Donald Trampın Macarıstanın paytaxtı Budapeştdə Rusiya lideri Vladimir Putinlə görüşəcəyini açıqlaması beynəlxalq arenada böyük rezonans doğurub. Bu, sadəcə iki liderin görüşü deyil, böyük güclər arasında uzun fasilədən sonra birbaşa dialoqun bərpası anlamına gəlir. Siyasi müşahidəçilər bu danışıqları qlobal balansın dəyişməsi, Ukrayna münaqişəsinin gələcəyi və enerji bazarlarında yeni razılaşmaların başlanğıcı kimi qiymətləndirirlər. Politoloqların fikrincə, Budapeşt görüşü dünya siyasətində yeni mərhələnin konturlarını müəyyən edə bilər.
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Paraqraf.com-a açıqlamasında bildirib ki, Tramp–Putin görüşü Budapeştdə keçiriləcək və bu danışıqlar dünya siyasətində yeni mərhələnin konturlarını müəyyən edə bilər:

“Görüşün əsas mövzusu-Ukrayna müharibəsinin gələcək istiqaməti olacaq. Tramp Putini atəşkəs və danışıqlar masasına qaytarmağa çalışacaq. Putin isə qarşılığında sanksiyaların yumşaldılmasını və Qərbin təzyiqlərinin azalmasını istəyəcək. Bu görüş, həm də ABŞ–Rusiya münasibətlərində uzun fasilədən sonra birbaşa dialoqun bərpası deməkdir. Enerji təhlükəsizliyi, Avropadakı hərbi balans və NATO-nun genişlənməsi kimi məsələlər də gündəmdə olacaq. Tramp Avropada ABŞ-nin təsirini artırmaq, amma Rusiya ilə toqquşmaya getməmək xəttini qoruyur. O, iqtisadi və diplomatik yollarla nəticə qazanmaq niyyətindədir. Putin də bu masa arxasında öz mövqelərini beynəlxalq səviyyədə legitimləşdirmək istəyir. Hər iki lider üçün görüşün uğuru daxili auditoriya baxımından da önəmlidir. Tramp göstərmək istəyir ki, onun dövründə ABŞ dünyada yenidən əsas oyunçudur. Putin isə Qərb təcridini qırmaq üçün bu fürsətdən istifadə edəcək”.
Politoloq qeyd edib ki, Budapeşt görüşü, həmçinin enerji bazarlarında yeni razılaşmaların əsasını qoya bilər:
“Əgər tərəflər kompromis tapa bilsələr, müharibənin intensivliyi azalacaq. Bu həm iqtisadi, həm də təhlükəsizlik baxımından Qərb üçün müsbət nəticə sayılar. Görüş, həmçinin beynəlxalq diplomatiyada yeni realizm mərhələsinin başlanğıcı ola bilər. Tramp üçün əsas məqsəd gərginliyi idarəolunan səviyyəyə salmaqdır. Putin üçün isə bu, regional təsir dairəsini qorumaq imkanıdır. Nəticə etibarilə, Budapeşt danışıqları böyük güclər arasında qarşılıqlı maraqların yenidən tənzimlənməsi üçün mühüm addım olacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
