Bugün insanın gündəliyinin ayrılmaz hissəsinə çevrilən sosial media artıq sadəcə ünsiyyət vasitəsi deyil — özünü ifadə etmə səhnəsidir. Hər “paylaş” düyməsi, hər şəkil, hər status bir cür “mən burdayam” mesajıdır.
Ancaq sual budur: bu ifadə azadlığı bizə ruhi rahatlıq, yoxsa daxili yorğunluq gətirir?
Sosial mediada özünü ifadə etmə, xüsusilə gənclər üçün, kimliyini tapma prosesinə çevrilib. İnsan paylaşdığı hər şəkil, yazdığı hər fikir vasitəsilə kim olduğunu göstərməyə çalışır.
Lakin bu proses bəzən həqiqi “mən”i deyil, “bəyəniləcək mən”i formalaşdırır.
Bir çox psixoloqlar qeyd edir ki, sosial mediada insan daxili dəyərlərini deyil, ictimai gözləntiləri əsas alır. Bu isə tədricən insanın özünə inamını və autentikliyini azaldır.
Bəyənilər, şərhlər və izləyici sayı — bir növ emosional valyutaya çevrilib. Hər dəfə biri paylaşımımıza “like” qoyanda beynimizdə xoşbəxtlik hormonu – dopamin ifraz olunur.
Bu, qısamüddətli sevinc gətirsə də, uzunmüddətli dövrdə asılılıq və özünə dəyər hissinin deformasiya olunması ilə nəticələnə bilər.
Yəni, insan artıq öz dəyərini bəyənilərin sayına görə ölçür.
Sosial media həm də müqayisə meydanıdır. Başqalarının “ideal” həyatını izləyən insan, fərqinə varmadan öz həyatından narazı olmağa başlayır.
Halbuki, paylaşımda görünən xoşbəxtlik çox zaman reallığın parlaq tərəfidir. Bu təzad isə insanın özünə inamını sarsıdır, depressiv düşüncələrə yol aça bilir.
Bütün bunlarla yanaşı, sosial media özünüifadə azadlığı üçün misilsiz platformadır.
Xüsusən də utancaq, cəmiyyətdə fikrini rahat ifadə edə bilməyən insanlar üçün sosial media emosional azadlıq məkanı rolunu oynayır.
Orada insanlar həmfikir kütlə tapır, düşüncələrini bölüşür və dəstək hissi yaşayırlar.
Sosial mediada özünü ifadə etmək pis deyil — əgər onu idarə etməyi bacarırıqsa.
Vacib olan odur ki, insan orada özünü göstərmək üçün deyil, özünü tapmaq üçün olsun.
Paylaşmaq, amma paylaşımın arxasında daxili rahatlıq yoxdursa, o zaman o, ifadə yox, sadəcə səs-küydür.
Sosial media bizə səs verdi, amma bəzən bu səsin içində öz daxili səssizliyimizi itiririk.
Özünü ifadə etmək insanın təbii ehtiyacıdır, amma bu ifadə bəyənilərlə yox, səmimiyyətlə ölçülməlidir.
Unutmayaq: ekrandakı profil şəkli deyil, gerçək “mən”imiz bizim dəyərimizi müəyyənləşdirir.
M.Mehdiyeva
![]()
