Mövzu ilə bağlı psixoloq Əfsanə Rüstəmova “Paraqraf.com”a açıqlamasında bildirib ki, insanların həyatı müxtəlif mərhələlərə ayrılır:

“Bu ayrılan istiqamətlərdə hər kəsin yolda ondan daha öncə bu yolu getmiş və ya onunla eyni anda bu yolu gedən insanlarla rastlaşması insanın ən birinci ehtiyacı olan güvən hissini verir. Bu güvən hissinin yaranmasına səbəb – bizim qarşı tərəfə, onun yoluna, davranışına, səs tonuna, halına, müvəffəqiyyətinə və s. duyduğumuz rəğbətdir. Bu rəğbət isə simpatiyanın əsas başlanğıc resursudur. Amma rəğbət özü təkbaşına simpatiya yarada bilmir”.
Psixoloq insanların bir-birilərinə simpatiya duymasının vacibliyinə də toxunub:
“Eyni yolu gedən insanların yolda bir-birilə təəssürat bölüşməsi və bu yolun nə qədər güvəndə olması, yolda hansı narahatlıqların ola biləcəyi ilə bağlı məlumatları verən bir bələdçinin olması insana güvən verir. Bu bələdçilər bizdə simpatiya hissi oyadır. Adətən, bizim olmaq istədiyimiz versiyaya yaxın və ya ortaq nöqtələri olan insanları görəndə onlara simpatiya duymaya başlayırıq”.
Əfsanə Rüstəmova həmçinin simpatiyanın insan həyatındakı roluna da diqqət çəkib:
“İnsanların həyatını davam etdirməsi üçün motivasiya lazımdır. Simpatiya duyduğumuz insanlar isə bizə ümid verənlərdir. Onlar bizə göstərir ki, yaşamağa dəyər və bu yolun sonunda işıq var. Bizim simpatiya duyduğumuz insanlar, əslində, bizə ümid işığını yandıran insanlardır. Onlar bizə davam etməyimiz lazım olduğunu xatırladırlar. Ona görə də insanların həyatında simpatiya duyduğu şəxslərin olması vacibdir. Əgər həyatımızda bir çox insana simpatiya duyuruqsa, deməli, biz o qədər daha çox pozitiv, xoşbəxt və ümidliyik”.
Kəmalə Vəliyeva
Paraqraf.com