Yay günəşinin istisi hər kəsi təbiətə – meşəyə, dağa, dənizə çəkirdi. O yay xalamın 10 yaşlı nəvəsi də bizə qonaq gəlmişdi. Uşaq hər il yay tətilini bizdə keçirirdi – mehriban, şirin və ağıllı idi.
Bir gün sevinclə dedi:
– Dayı, məni dənizə apararsan?
Razılaşdım. Manqalımı götürüb birlikdə yola düşdük. Yol boyu onun sevincindən gözləri parıldayırdı.
Dənizə çatanda gözəl mənzərə ilə yanaşı, kədərli bir mənzərə də gördük: insanlar yeyib-içmiş, amma zibillərini toplamadan sahili tərk etmişdilər. Mən dayanıb uşağa dedim:
– Bala, unutma ki, təbiət bizim anamızdır. Onu qorumaq borcumuzdur. Zibil atan insan əslində öz həyatını çirkləndirir. Əgər biz təbiəti qorumasaq, sabah nə sağlamlığımız, nə də gələcəyimiz qalacaq.
Uşaq başı ilə razılaşdı. Birlikdə sahili təmizlədik. Sonra manqalımızı yandırıb yeməyimizi hazırladıq. Yaxınlıqda olan bir balıqçı bizə təzə balıq verdi, onu da birlikdə bişirdik. Uşaq o qədər sevindi ki, gülüşü hələ də qulaqlarımdadır.
Tətil bitdikdən sonra məktəbdə müəllim onlardan yay xatirələri haqqında hekayə yazmağı istəmişdi. Ən gözəl hekayəni xalamın nəvəsi yazmışdı. O, mənim haqqımda təriflə danışmış, hətta hekayəyə bir şeir də əlavə etmişdi.
Bu xatirə onun yaddaşında ömürlük iz buraxdı. Mən də bir daha əmin oldum:
Uşaqlar gördüklərini yadda saxlayar, eşitdiklərini unuda bilərlər, amma yaşadıqlarını heç vaxt unutmazlar.
Gəlin, uşaqlara sevgi, qayğı və düzgün tərbiyə verək. Onlara təbiəti sevməyi, yaxşılıq etməyi, insanlara hörmət etməyi öyrədək. Çünki uşaqlar bizim gələcəyimizdir – necə böyütsək, elə bir gələcək quracağıq.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
