Ailə hər bir xalqın mənəvi dayağı, milli dəyərlərin qoruyucusudur. İnsan dünyaya göz açdığı andan ilk tərbiyəsini, davranışını və dəyərlərini ailədən öyrənir. Ona görə də milli-mənəvi irsin yaşadılmasında məktəbdən, cəmiyyətdən əvvəl ailənin rolu əvəzsizdir.
Azərbaycan xalqı tarix boyu zəngin adət-ənənələri, mərasimləri və mənəvi dəyərləri ilə seçilib. Böyüyə hörmət, kiçiyə qayğı, qonaqpərvərlik, təvazökarlıq kimi dəyərlər ailə tərbiyəsinin ayrılmaz hissəsi olub. Lakin müasir dövrdə texnologiyanın ön planda olması və qərb mədəniyyətinin təsiri ilə bu dəyərlərin ötürülməsi, qəbulu bəzən çətinləşir.
Bugünkü valideynlərin əsas vəzifəsi övladlarını sadəcə təhsilli deyil, həm də milli kimliyinə sadiq, dəyərlərinə bağlı fərd kimi yetişdirməkdir. Bunun üçün ailədə ana dilinə sevgi aşılanmalı, milli bayramlar, mərasimlər unudulmamalı, böyüklərə hörmət edilməlidir. Valideynlər davranışları ilə nümunə göstərməli, övladlarının “deyiləni yox, görüləni” öyrəndiklərini unutmamalıdırlar.
Ailə təkcə qan bağından ibarət deyil — o, həm də mənəvi məktəbdir. Bu məktəbdə uşaqlar doğmalıq, mərhəmət, vicdan, vətən sevgisi kimi duyğular qazanır. Əgər ailədə bu dəyərlər möhkəmdirsə, cəmiyyət də sağlam olur.
Milli-mənəvi dəyərlərin qorunması ailənin sevgisi, birliyi və məsuliyyəti ilə mümkündür. Bir millətin gələcəyi ailənin içindən başlayır.
M.Mehdiyeva
![]()
