Bu gün insan həyatını texnologiyasız təsəvvür etmək çətindir. Gözümüzü telefonla açır, gecə yatarkən ən son baxdığımız yenə də telefon yaxud televizor olur. Gün ərzində smart cihazlardan, sosial şəbəkələrdən, süni intellektdən istifadə edirik. Texnologiya artıq həyatımızın mərkəzinə çevrilib. Əsas sual: bu inkişaf bizə rahatlıq gətirir, yoxsa asılılıq yaradır?
Əlbəttə, texnologiyanın faydaları danılmazdır. Süni intellekt bir çox sahələrdə işimizi asanlaşdırır: tərcümə edir, planlaşdırır, hesablama aparır, hətta yaradıcılıq prosesinə də kömək olur. Smartfonlar əlaqəni gücləndirir, məlumatı saniyələr içində əldə etməyə imkan yaradır. Sosial media isə bəzən təkliyimizə çarə olur, uzaqda olan insanlarla bizi birləşdirir.
Lakin bu rahatlığın görünməyən tərəfi də var. Bəzən texnologiyanın bizə xidmət etməsi yerinə biz ona xidmət etməyə başlayırıq. Gözlərimiz ekranda, düşüncələrimiz bildiriş səsində ilişib qalır. Sosial şəbəkələrdə “bəyənilmə” arzusu real həyatda dəyərlərimizi, diqqətimizi və münasibətlərimizi dəyişdirir. Süni intellektdən asılılıq yarandıqca isə insan yaradıcılığının yerini alqoritmlər tutur.
Əslində, problem texnologiyanın özündə deyil, ondan necə istifadə etdiyimizdədir. Düzgün balans tapmaq müasir insanın ən böyük bacarıqlarından biridir. Smartfonu həyatımızın mərkəzinə deyil, vasitəsinə çevirməyi bacarsaq, həm rahatlıqdan yararlanar, həm də asılılığın qarşısını alarıq.
Sonda demək olar ki, texnologiya nə yaxşıdır, nə də pis. Onu sadəcə bir alət kimi görmək lazımdır. Texnologiyanı yönləndirmək, həyatımızı necə idarə etməsi isə bizim seçimimizdir.
M. Mehdiyeva
Paraqraf.com
![]()
