Müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biri də uşaqların danışmağa gec başlamasıdır.
“Paraqraf.com” xəbər verir ki, texnologiyanın artan təsiri, dəyişən sosial mühit, genetik və nevroloji faktorlar son illərdə uşaqlarda nitq inkişafı ilə bağlı problemlərin daha geniş yayılmasına səbəb olub.
“Niyə hələ danışmır?”, “Gözləmək düzgündürmü?” kimi suallar bir çox valideynin gündəlik narahatlığına çevrilib. Mütəxəssislər isə bildirirlər ki, belə hallara laqeyd yanaşmaq gələcəkdə uşağın təhsilinə, sosiallaşmasına və emosional inkişafına mənfi təsir göstərə bilər.
Məsələ ilə bağlı tanınmış loqoped, Ağdam rayonunda yerləşən Uğur Nitq İnkişaf Mərkəzinin müdiri Günel Muradova “Paraqraf.com”a açıqlama verib. O bildirib ki, normalda 9 aylıq körpə artıq iki hecalı sadə sözlər — “nənə”, “baba” və s. — deməyə başlamalıdır:
“Əgər uşaq 9 ayından etibarən bu cür sözləri deyirsə və hər ay yeni sözlər əlavə edirsə, narahatlığa ehtiyac yoxdur. Əks halda, uşaq heç danışmırsa və ya əvvəllər dediyi sözləri sonradan unudursa, bu, artıq həyəcan siqnalıdır. Belə hallarda bir mütəxəssisə müraciət etmək vacibdir. Normal inkişaf edən uşaq 1 yaş 6 aylığında iki sözlü cümlələrlə fikrini ifadə etməyi bacarmalıdır”.
Danışıqda gecikmənin səbəbləri
Günel Muradova danışıq gecikməsinin səbəbləri haqqında belə deyir:
“Biz araşdırmaya hələ hamiləlik dövründən başlayırıq. Ananın bu dövrdə keçirdiyi infeksion xəstəliklər, stres və ya emosional sarsıntılar bu problemlərə səbəb ola bilər. Əgər hamiləlik dövründə problem olmayıbsa, bu dəfə uşağın doğuşdan sonrakı vəziyyəti araşdırılır — məsələn, infeksiyalar, yüksək hərarət, qıcolmalar və ən vacibi — valideyn sevgisi və diqqəti. Uşaq sevgidən və qayğıdan məhrum qalarsa, bu da nitq inkişafına mənfi təsir göstərə bilər”.
Nitq ləngiməsi və ümumi inkişaf ləngiməsi arasında fərqlər
“Nitq ləngiməsi olan uşaq ətrafındakıları anlayır, adına reaksiya verir, sadə tapşırıqları yerinə yetirir. Yəni, anlayış var, amma danışmaqda çətinlik çəkir. Bu uşağın passiv söz ehtiyatı mövcuddur. Ümumi inkişaf ləngiməsi olan uşaq isə nə adına reaksiya verir, nə də əşyaları tanıyır — yəni, həm anlama, həm də ifadəetmə bacarıqları zəifdir”.
Muradova bildirir ki, nitq terapiyası zamanı xüsusi proqramlar, loqopedik masajlar (əl və zond masajları), eləcə də nitqin inkişafına kömək edən cihazlardan istifadə olunur.
Vaxtında müdaxilə vacibdir
Loqopedin fikrincə, hər bir problemin erkən mərhələdə aşkarlanması və müdaxiləsi müsbət nəticələr verir:
“Məsələn, Daun sindromlu uşaqlarda 3 aylığından etibarən terapiyaya başlanmalıdır. Nitq və ya ümumi inkişaf ləngiməsi, autizm kimi hallarda isə müdaxilə ən gec 1 yaş 6 aylığında başlamalıdır. Müdaxilə nə qədər tez olarsa, nəticə bir o qədər effektiv olur”.
Telefon və texnologiyanın zərəri
Muradova valideynlərin uşaqlara erkən yaşda telefon və planşet verməsinin təhlükəli nəticələrindən də danışıb:
“3 yaşına qədər uşaqlara telefon, planşet, televizor verilməməlidir. Bu dövr uşağın nitqinin formalaşdığı dövrdür və texnologiya ilə ünsiyyət birtərəflidir. Uşaq baxdığı şeyi tam anlamır, sadəcə təqlid edir. Bu isə aqressiv davranışlar, qışqırıq və sosial geriləmə ilə nəticələnə bilər. Valideynlər uşağın sakit durması üçün telefonu ‘yardımçı vasitə’ kimi istifadə edirlər, lakin bu, çox zərərli vərdişdir”.
O əlavə edib ki, texnologiya qarşısında yemək yeyən uşaq nə yediyinin fərqində olmur, doyduğunu hiss etmir və bu, sonradan qidalanma pozuntularına gətirib çıxara bilər.
Sonda loqoped valideynlərə tövsiyə edib:
“Ən yaxşı həkim anadır. Ana uşağını daim müşahidə etməli, digər uşaqlardan hansı fərqləri olduğunu görməli və inkişafının normal olub-olmadığını izləməlidir. Valideynin zamanında atdığı addım bir çox problemi hələ erkən mərhələdə həll edə bilər”.
Ləman
Paraqraf.com
![]()
