5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı – Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
Müəllim keçmişin əmanətçisi, gələcəyin qurucusudur. Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir. O, bir şama bənzər – özünü əridərək başqalarına işıq verər.
Tarix boyu müəllim haqqında dəyərli sözlər söylənib. Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir.” Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında belə demişdi: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı.” Məhəmməd Peyğəmbər bilik öyrətməyi hər cür ibadətdən üstün tuturdu. Həzrət Əli isə: “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram” deyirdi. Nizami Gəncəvi müəllimi günəşə bənzədirdi.
Ulu Öndər Heydər Əliyev də müəllim peşəsinə hər zaman yüksək qiymət vermişdir. Onun “Müəllim – yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini – uşaqların tərbiyəsini yalnız ona etibar edir” fikri müəllim adına verilən ən dəyərli qiymətlərdən biridir. Eləcə də onun “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” sözləri müəllimlik sənətinin böyüklüyünü ifadə edir.
Bu münasibətlə 5 oktyabr tarixində Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyi tərəfindən “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” adlı tədbir təşkil olundu.
Tədbirdə bir çox ziyalılar, elm və mədəniyyət xadimləri, ictimai-siyasi şəxslər iştirak etdilər:
• BDU-nun Milli Mətbuat Tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli,
• Azərbaycanın sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov,
• Əməkdar jurnalist, pedaqoq, Bakı Slavyan Universitetinin professoru Etibar Babayev,
Milli Məclisin deputatları – ADA Universitetinin prorektoru Fariz İsmailzadə, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, professor Vüqar Rəhimzadə, Xankəndidən seçilmiş deputat Tural Gəncəliyev,
Heydər Əliyev adına Hərbi İnstitutun professoru Ramid Hüseynov,
Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva,
Əməkdar incəsənət xadimi, rəssam-modelyer, dosent Fəxriyyə Xələfova,
Xalq artistləri İlham Namiq Kamal və Zemfira Nərimanova,
Dövlət İqtisad Universitetinin fəxri professoru, BMT-nin Sülh Məramlı Səfiri Kifayət Xudaverdiyeva,
Alim və pedaqoqlar – Sədaqət Rəhimova, Aytən Qurbanova, Aynur Qafarlı,
238 nömrəli məktəbin direktoru Xuraman Osmanova,
Şəhid ailələri iş şöbəsinin rəhbəri Əfsanə Nəbiyeva və digər dəyərli şəxslər.
Tədbir iştirakçıların maraqlı çıxışları ilə yadda qaldı. Müxtəlif sahələri təmsil edən ziyalılar müəllimlik sənətinin böyüklüyü və məsuliyyətindən söz açaraq, bu müqəddəs peşəni daşıyan insanlara ehtiramlarını ifadə etdilər.
Sonda tədbirin təşkilatçısı və aparıcısı, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, şair-jurnalist, “Tərəqqi” medallı Gülşən Behbud fəxri qonaqlara və bütün iştirakçılara təşəkkürünü bildirdi.
Həsən
Paraqraf.com
![]()
