Müasir dövrdə bəşəriyyətin qarşısında duran ən böyük yeniliklərdən biri süni intellektir. Günbəgün yüksələn binalar, açılan zavodlar, kosmosun fəthi, Ay və Marsa səyahətlər, həmçinin texnologiyanın sürətli inkişafı artıq insan həyatının bütün sahələrinə təsir edir. Bir vaxtlar yalnız filmlərdə gördüyümüz ağıllı cihazlar və robotlar bu gün gündəlik həyatımızın bir parçasına çevrilib. Lakin əsas sual hələ də açıq qalır: süni intellekt insanlığa daha çox xeyir gətirəcək, yoxsa ziyan?
Süni intellektin xeyirli tərəfləri
Onun gətirdiyi faydaları danmaq mümkün deyil. Tibb sahəsində xəstəliklərin vaxtında aşkarlanması, təhsildə fərdi öyrənmə imkanları, nəqliyyatda avtopilotlu maşınların yaratdığı təhlükəsizlik, sənaye və kənd təsərrüfatında məhsuldarlığın artması, kosmosun daha sürətli araşdırılması bütün bunlar süni intellektin bəşəriyyət üçün açdığı imkanların yalnız bir hissəsidir.
Mənfi tərəfləri
Amma digər tərəfdən texnologiyanın inkişafı ciddi təhlükələr də yaradır. Robotların ailədaxili ünsiyyəti zəiflətməsi, insanların tənbəlləşməsi, təbiətin çirklənməsi, iş yerlərinin azalması, hətta yeni silahların yaranması ehtimalı bütün bunlar süni intellektin qaranlıq üzüdür.
Süni intellektin mahiyyəti nə yaxşıdır, nə də pis. Onu faydalı və ya təhlükəli edən insanın öz seçimidir. Bu texnologiya elm, təhsil, sağlamlıq və sülh yolunda istifadə olunarsa, gələcək nəsillər üçün böyük imkanlar açacaq. Əks halda, süni intellekt bəşəriyyətin özünü təhlükə ilə üz-üzə qoya bilər.
Bizim məsuliyyətimiz – süni intellekti övladlarımıza elm və sülh vasitəsi kimi miras qoymaqdır. Yalnız bu halda yeni əsr doğrudan da bizə daha çox işıq gətirəcək.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
