Gərgin iş rejimi, davamlı stress və texnologiyanın mavi işığı bədənimizin ən təməl bərpa mexanizmini – yuxunu pozur. Lakin əksəriyyətimizin sadəcə “yorğunluğu atmaq” kimi baxdığı bu proses, əslində, zehni və ruhani inkişaf üçün ən güclü vasitədir.
Yuxular aləmi haqqında “Paraqraf.com”-a danışan ölkədə ilk oneyromant (insanların yuxularını psixoloji cəhətdən analiz edən insan-red.) Günay Bayramova bildirib ki, adətən günün sonunda yorğunluğumuzu atmaq üçün yatmağa gedirik:
“Amma bu prosesi sadəcə istirahət vasitəsi kimi deyil, bir rituala çevirsək, gündəlik yaşadıqlarımızı dəyərləndirmək, sabah üçün, gələcək həftə, ay və illər üçün yol xəritəsi yaratmaq mümkündür. Bunun üçün isə düzgün yuxuya keçməyi öyrənmək vacibdir. Bəziləri günün stressini və düşüncələrini özləri ilə yatağa daşıyaraq halsız şəkildə yuxuya gedirlər. Amma yuxunu şüurlu şəkildə idarə edənlər də var”.
Oneyromant qeyd edib ki, spiritualizmdə yuxu ilə bağlı yazılmamış üç qayda mövcuddur və bu qaydalara əməl etdikdə, yuxu sadəcə fiziki istirahət deyil, həm də ruhani və zehni bərpa vasitəsinə çevrilir:
“Statistik məlumatlara görə, insanlar gündəlik həyatlarında baş verən hadisələrdən təsirlənərək yuxular görürlər. Bu yuxular isə bəzən həyatlarında real dəyişikliklərə səbəb olur. Amma əsas məsələ yuxunun texnikasını bilmək və bu prosesi şüurlu şəkildə yönləndirməkdir. Belə ki, yatmazdan əvvəl yataq otağını yuxuya uyğun hala gətirməlisiniz. Məsələn, otaqda oyuncaqlar, paltarlar, masa üstündə qarışıqlıq varsa, bunları yığışdırmaq lazımdır. Hər zaman bunu yüz faiz etmək mümkün olmaya bilər, amma maksimum rahat və keyfiyyətli yuxu üçün belə tədbirlər vacibdir. Bu tədbirləri həm də uşaqlar üçün həyata keçirmək lazımdır, çünki uşaqlar da yuxuya keçməkdə çətinlik çəkə bilirlər. Ümumilikdə, düzgün yuxuya keçmək, enerji və zehni rahatlıq üçün evinizdəki əşyaların və mühitin dəqiq tənzimlənməsi vacibdir”.
Günay Bayramovanın sözlərinə görə, keyfiyyətli yuxunun vacib şərtlərindən biri də rahat və uyğun geyim seçimidir:
“Araşdırmalar göstərir ki, insanlar gecə boyunca bir neçə dəfə qısa müddətə oyanırlar. Bu mikro-oyanışlar çox zaman yadda qalmır, lakin bu anlarda bədəndə narahatlıq yaradan hər hansı bir amil məsələn, narahat geyim yuxunun davamlılığını poza və bədənin istirahət prosesinə mənfi təsir göstərə bilər. Bu səbəbdən yuxuya getməzdən əvvəl maksimum komfort təmin edən, dərini qıcıqlandırmayan, elastik materiallardan hazırlanan geyimlər seçilməlidir. Geyim nə bədəni sıxmalı, nə də həddindən artıq boş olmalıdır. Qeyd edim ki, spiritual baxımdan çılpaq yatmaq məsləhət görülmür. Çünki çılpaq vəziyyətdə bədən energetik baxımdan daha açıq olur və bu da aşağı astral təsirlərə qarşı həssaslıq yarada bilir. Bu kimi təsirlər uzunmüddətli dövrdə emosional və psixoloji narahatlıqlara səbəb ola bilər.
Ona görə də yuxu zamanı geyimli olmaq, lakin bu geyimin rahat və enerji baxımından qoruyucu olması tövsiyə edilir”.
O, ən vacib qaydalardan birinin yuxudan əvvəl işıqlı cihazlardan və stimulyasiyaedici mühitdən uzaqlaşmaq olduğunu vurğulayıb:
“Telefon, televizor, planşet və digər rəqəmsal cihazların ekranları mavi işıq yayaraq beynin yuxu hormonu olan melatoninin ifrazına mane olur. Bu da bədənin yuxuya keçməsini çətinləşdirir və yuxunun dərinliyini azaldır. Tövsiyə olunur ki, yatağa getməzdən 1.5-2 saat əvvəl bu cihazlardan uzaqlaşasınız. Əgər həyat tərziniz, iş prosesiniz buna imkan vermirsə, bu vaxtı ən azı 40 dəqiqəyə endirmək lazımdır.
Sakitləşdirici musiqilər dinləmək, zəif işıqda kitab oxumaq və ya meditasiya ilə bu müddəti doldurmaq həm zehninizi, həm də bədəninizi yuxuya hazırlayacaq.
Unutmayın ki, yuxudan əvvəl beyinə gələn hər informasiya bədənin enerjisinin necə yenilənəcəyinə təsir edir. Gecəni informasiya seli ilə deyil, səssizlik və niyyətlə qarşılamaq, ertəsi gün üçün sizi daha enerjili, fokuslanmış və ruhən balanslı edəcək”.
Oneyromant bildirib ki, bu yuxu qaydaları təkcə böyüklər üçün deyil, uşaqlar üçün də olduqca faydalıdır:
“Çünki son zamanlar uşaqlarda yuxuya gec keçmək, narahat yatmaq və tez-tez oyanmaq kimi problemlər geniş yayılıb. Xüsusilə gün ərzində çoxlu vizual və emosional təsirə məruz qalan uşaqların beynində axşam saatlarında sakitləşmək çətinləşir. Valideynlərə tövsiyə olunur ki, uşaqların yatmazdan əvvəl texnologiyadan uzaq qalmasını təmin etsinlər, otaqda sakit və işıqsız mühit yaratsınlar. Həmçinin qız uşaqları üçün saçların açıq yox, yığılı formada yatması tövsiyə olunur. Bu, həm rahatlıq, həm də enerji baxımından daha balanslı hesab olunur”.
Ləman
“Paraqraf.com”
![]()
