Bugünkü dünyanı bir anlıq təsəvvür edin – ətrafımızdakı texnologiyalar, təmiz su, müasir tibb, internet, mobil telefonlar, peyklər, hətta məktəblər və xəstəxanalar… Bunların hamısının arxasında görünməz bir güc dayanır: elm.
Bəli, bu gün cəmiyyətlərin rifahı, dövlətlərin gücü, insanların həyat keyfiyyəti elmin inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. Elm – yalnız laboratuvarlarda, universitet auditoriyalarında yox, gündəlik həyatımızda, gələcəyimizdə və hətta düşüncə tərzimizdə yaşayan bir qüvvədir.
Cəhalət işıqdan qorxur
Tarix boyu aydınlığa qarşı mübarizə aparan qüvvələr elmi susdurmağa çalışıblar. Çünki elm suallar verir. Elm sorğu aparır, araşdırır, doğruları üzə çıxarır. Və bu, cəhalətin xoşuna gəlmir. Lakin tarix göstərdi ki, nə qədər susdurulsa da, elm yenidən danışmağı bacarır.
Bir zamanlar təbiət hadisələri “tanrı qəzəbi” kimi yozulurdu, xəstəliklər “cadugərlik” hesab olunurdu. Bugün isə artıq elm bu miflərin yerini tutub. İnsan düşünür, ölçür, hesablayır və nəticə çıxarır.
Elm – inkişafın mayakıdır
Qarşıdan gələn təhlükəni ilk xəbər verən kim olur? Zəlzələ riskini, iqlim dəyişikliklərini, pandemiya ehtimalını kim müəyyənləşdirir? Təbii ki, alimlər, tədqiqatçılar, elmi mərkəzlər. Onlar görünməz qəhrəmanlardır – cəmiyyətin səssiz müdafiəçiləri.
Amma elm təkcə fiziki həyatımızı deyil, daxili dünyamızı da işıqlandırır. Biz elm sayəsində oxuyur, yazır, düşünür, müqayisə edir, fərqləri anlayırıq. Elm bizi fanatizmdən uzaqlaşdırır, fərqli fikirlərə dözümlü olmağa çağırır.
Cəmiyyət elmlə nəfəs alır
Bugünkü çağırışlar böyükdür: ekoloji böhran, informasiya müharibələri, yeni xəstəliklər, süni intellektin yüksəlişi… Bunların heç birinə kor-koranə yanaşmaq olmaz. Cəmiyyət yalnız elmi yanaşma ilə bu çağırışların öhdəsindən gələ bilər. Elmi düşüncə olmayan yerdə populizm, yalan, qorxu və yanlış qərarlar hökm sürür.
Elmə sərmayə – gələcəyə sərmayədir
Uşaq məktəbdə elmə toxunanda, bir gənc kitabxanada elmə bağlananda, bir alim laboratoriyada yeni kəşfə imza atanda – bu təkcə onun uğuru deyil. Bu, cəmiyyətin, dövlətin, millətin gələcəyinə atılan addımdır.
Odur ki, elmi yalnız bayram günlərində yada salmaqla kifayətlənməyək. Elmə, alimə, araşdırmaya dəyər vermək bizim mədəni və vətəndaş borcumuzdur. Elm olmasa, nə ədalət olar, nə tərəqqi, nə də sabitlik.
Son söz əvəzi
Cəmiyyətin işığını yandıran da, yolunu göstərən də, onu sabaha aparan da elmdir. Bu gün texnologiyaya sahib olan ölkələr sabahın taleyini yazır. Biz də öz taleyimizi elmə arxalanaraq yazmalıyıq. Çünki gələcəyin səsi elmdədir.
Həsən Məmmədov
Paraqraf.com
![]()
