Hər zaman hansısa incəsənət nümayəndəsinin bəh-bəhli, ifrat tərifinə qarşı olmuşam. “Filankəs müğənnidir, işi oxumaqdır, qalan məsələlər onu maraqlandırmamalıdır” düşüncəsi mənə tamamilə ziddir.
Bir incəsənət adamı bu ölkənin səhiyyəsindən, təhsilindən, ictimai xidmətlərindən istifadə etmirmi? O da bu torpağın havasını udur, suyu ilə çay dəmləyir. Elə isə niyə susur? Niyə danışmır? Niyə xalqa səs olmur?
Ömrünü yalnız mikrofona sarılıb “şou göstərməklə” keçirən biri mənim gözümə ziyalı kimi görünə bilməz. Xalqın adamı olmaq yalnız səhnədə “böyük konsert vermək”, milyonluq izləyici toplamaqla mümkün deyil. Xalqın adamı olmaq xalqın dərdini deməyi bacarmaq, yaşadığı cəmiyyətə laqeyd qalmamaqdır. Fikir sahibi olmaqdır. Mövqe sahibi olmaqdır.
Yoxsa bu gün “xalq artisti” adına layiq görülənlər Röya və Aygün kimilər olacaq. Keçmişləri, sənət tarixləri hər kəsə məlum olan bu şəxsləri “xalq artisti” edən də elə xalqın özü, daha dəqiq desək kütləvi zövqdür.
Bugünkü reallıqda KVN səhnəsində 3-5 zarafat edən bir şoumenin cəmiyyətə verdiyi dəyər, əslində, bir müəllimin, bir tədqiqatçının, bir elm adamının verdiyi dəyərin kölgəsində belə qala bilməz. Amma nə yazıq ki, dəyər anlayışını özümüz bu hala salmışıq. Elmi və müəllimi unutmuş, onun yerinə əyləncəni və əyləndirəni zirvəyə qaldırmışıq.
Cabir İmanovun vəfatı çoxlarımızı üzdü. Bəli, uşaqlığımızda simpatiya bəslədiyimiz, gülümsədiyimiz, tanıdığımız bir aktyor idi. Amma bu qədər. Xahiş edirəm, hər tanınmışa “xalqın ziyalısı” damğasını yapışdırmayaq. Bu ifadənin çəkisini azaldırıq.
Əsl ziyalı – xalqın içindən çıxan, xalqla yaşayan, xalq üçün düşünən, cəmiyyətin yönünü müəyyənləşdirməyə çalışan insandır. Bu yükü daşımaq hər kəsin işi deyil.
Digər tərəfdən, bu xalq keçmişdə yaşadığı əzabları unutmur. “Ölünün arxasınca danışmazlar” mifini artıq geridə qoymalıyıq. Əgər bir insan sağlığında xalqa zülm edib, onun haqqını tapdalayıbsa, bu xalq ölüsünə də, dirisinə də qiymət verməyi yaxşı bacarır.
Bu ölkədə yaşayan hər kəs bir gün özündən soruşmalıdır:
“Mən getdikdən sonra, xalq mənim haqqımda nə düşünəcək?”
Çünki bizim övladlarımıza buraxdıqlarımızın içində başqalarının övladlarının da haqqı ola bilər.
Allah Cabir İmanova rəhmət eləsin. Onun yaddaşlarda necə qalacağını isə zaman göstərəcək. Bu qərarı biz yox, xalq özü verəcək.
![]()
